Yuxarı

Bakının ilkin mənzil bazarında qiymətlər artıb

Daşınmaz əmlak bazarının bu seqmentində aktivlik 6,4% artıb

Bakı. 9 mart. REPORT.AZ/ Bu ilin fevral ayında Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod mayak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti dollar ifadəsində 661 dollar/кv.m-dən 13,7% artaraq 752 dollar/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1 025 manat/кv.m-dən artaraq 1 166 manat/кv.m bəndində qərarlaşıb.

"Report"un "MBA Ltd.” konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı aylıq hesabata əsasən verdiyi xəbərə görə, bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 800 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir. Bu dəyərdə olan mənzillər ümumi portfelin 60,7%-ni təşkil edib və qeydə alınan orta bazar qiyməti 561 dollar/kv.m-dir. Ümumi təklif portfelinin 33%-ni 800-1 200 dollar/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 950 dollar/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 1 200 dollar/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 6,3% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 1 567 dollar/kv.m təşkil edib.

Fevralda mənzil alqı-satqılarının sayında əvvəlki aya nisbətən canlanma müşahidə edilib ki, bu da öz növbəsində təklif portfelinin artmasına gətirib çıxarıb. Ümumilikdə, ilkin mənzil bazarında təklif həcmi 2,16 dəfə artıb. Yanvar ayında ümumi təkliflərin sayı 294 olduğu halda, bu rəqəm fevralda 636 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 18,4% azalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən ilkin yaşayış mənzillərinin maksimal həcmi 2015-ci ilin fevralında qeydə alınıb.

Hesabata əsasən, ekspozisiya müddəti fevralda ortalama 185 gün təşkil edib. Ekspozisiya müddətinin nisbətən aşağı düşməsinə səbəb kimi, ilkin mənzil bazarında aktivliyin artmasını göstərmək olar. Alıcıların sayında son ayda artım olduğundan, ilkin mənzil bazarının aktivliyi əvvəlki aya nisbətən 6,4% artıb.

İlkin mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 5 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Nəsimi rayonunda, Cavanşir körpüsünün yaxınlığında yerləşən 235 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan ilkin qiyməti 2 528 dollar təşkil edib. Ən ucuz mənzil isə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 108 kv.m olan 3 otaqlı yeni tikili mənzil bazara 269 dollar/kv.m qiyməti ilə təklif edilib.

Ay ərzində təklif qiymətinin ən çox artımı Binəqədi və Nərimanov rayonlarında müşahidə edilib, azalması isə yalnız iki rayonda - Nizami və Sabunçu rayonlarında qeydə alınıb. Fevralda aktivlik əmsalına görə ən cəlbedici rayonlar isə Nəsimi, Yasamal və Xətai rayonları olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi