Yuxarı

Bakıdan ​İstanbula və əks istiqamətdə üç aviareys təxirə salınıb

Sərnişinlərin biletləri digər reyslərlə əvəz edilib

Bakı. 2 fevral. REPORT.AZ/ Sərnişin azlığı səbəbindən “Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün Bakı-İstanbul aviareysini təxirə salıb.

AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski “Report”a açıqlamasında bildirib ki, şirkət Bakıdan İstanbula olan bir reysini təxirə salıb: “Bu gün “B767-300” tipli təyyarə ilə yerinə yetirilməsi nəzərdə tutulan J2 077 saylı reysin təxirə salınmasına səbəb sərnişin azlığıdır. Bakıdan saat 20:45-də yola düşməli olan aviareys, yerli vaxtla saat 23:50-də İstanbula enməli idi”.

Mətbuat katibinin sözlərinə görə, sözügedən reysə bileti olan sərnişinlərin biletləri digər reyslərlə əvəz edilib.

Qeyd edək ki, AZAL Bakı-İstanbul marşrutu üzrə həftənin bütün günləri (gündə - 5 reys) uçuşlar həyata keçirir. Bu istiqamət üzrə biletin qiyməti bir tərəfə 99 avro, hər iki istiqamətdə isə 139 avrodan başlayır.

“Türk Hava Yolları” (THY) aviaşirkətinin isə fevralın 3-nə olan iki aviareysi İstanbulda gözlənilən şiddətli cənub-şərq küləyi səbəbindən təxirə salınıb. Sözügedən reyslər sabah saat 08:15 və 14:35-də yerinə yetirilməli idi.

THY-nin Bakı ofisindən “Report”a verilən məlumata görə, sabaha olan TK0332 və TK0333 reyslərinin təxirə salınmasına səbəb gözlənilən güclü küləkdir: “İstanbulda olan pis hava şəraitinə görə Atatürk və Sabiha Gökçen hava limanlarında sabaha olan 24 xarici reys ləğv edilib. İstanbuldan Bakıya “B737” tipli təyyarə ilə saat 08:15-də nəzərdə tutulan aviareys Bakıya 13:05-də, 14:35-də Bakıdan uçmalı olan isə saat 15:50-də İstanbula çatmalı idi”.

Şirkətdən bildirilib ki, sözügedən reyslərə bileti olan sərnişinlərə əvvəlcədən xəbərdarlıq olunub və onlar digər reyslərlə yola düşəcəklər.

Bu marşrut üzrə THY həftə içi hər gün 5 uçuş (bunlardan 4-ü Atatürk, 1-i isə Sabiha Gökçən hava limanına) həyata keçirir. Sözügedən istiqamətdə biletlərin qiyməti bir tərəfə 256 manat, hər iki istiqamətdə isə 307 manatdan başlayır.

Qeyd edək ki, pis hava şəraiti ilə əlaqədar olaraq Türkiyədə artıq bir neçə gündür aviareyslər təxirə salınır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi