Yuxarı

Bakıda yollardakı süni maneələrin sökülməsinə başlanılıb

Azəryolservis: Bakının bəzi küçələrində vətəndaşlar yolun hərəkət hissəsinə qanunsuz olaraq süni maneələr quraşdırıblar

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakı şəhərinin bəzi küçələrində vətəndaşlar yolun hərəkət hissəsinə qanunsuz olaraq süni maneələr, yəni tramplinlər quraşdırırlar. Bununla bağlı “Azəryolservis” ASC-dən “Report”a verilən məlumata görə, sürücülərin narazılığına səbəb olan bu halın qarşısının alınması üçün “Azəryolservis” yollardakı süni maneələrin sökülməsi işlərinə başlayıb.

Məlumatda deyilir ki, ilk olaraq yolun hərəkət hissəsində qurulan süni maneələrin, yəni tramplilərin sökülməsi işlərinə Nərimanov rayonundan start verilib. Bunu edən vətəndaşlara ilkin olaraq xəbərdarlıq edilib ki, bu cür suni maneə vasitəsi avtomobillərin sürətinin məcburi şəkildə azaldılması üçün tətbiq edilsə də, bu məsələ qanunvericilikə tənzimlənmir və yollarda nəqliyyat vasitələrinin hərəkətlərinə mane olan süni maneələrin quraşdırılmasına görə növbəti dəfə onları inzibati məsuliyyət gözləyir.

İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə, fiziki şəxsləri 80-100 manat, vəzifəli şəxsləri 400-500 manat, hüquqi şəxsləri isə 3000-4000 manat miqdarında cərimə gözləyir.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi