Yuxarı

Bakıda ​Ukrayna-Çin nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılacaq

Nazir müavini: Görüşdə yüklərin daşınması tariflərinin müəyyən olunması məsələsi həllini tapacaq

Bakı. 14 yanvar. REPORT.AZ/ Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmir yolu marşrutunun təşkili layihəsi çərçivəsində ilk eksperimental konteyner qatarının pilot reysi yanvarın 15-də Ukraynanın Odessa vilayətinin İliçevski limanından Xəzər və Qara dənizlərindən keçməklə yola düşəcək.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, Ukrayna, Qazaxıstan, Gürcüstan, Azərbaycan dəmir yollarının rəhbərləri bu gün Rusiyadan yan keçməklə İpək yolu üzrə Ukraynadan Mərkəzi Asiya ölkələrinə yük daşınması tariflərini müəyyən etmək üçün Bakıda müzakirə aparacaqlar. Bunu Ukraynanın infrastruktur nazirinin müavini Nikolay Snitko bildirib: “Bakıda Ukrayna, Qazaxıstan, Gürcüstan, Azərbaycan dəmir yolu rəhbərlərinin yanvarın 14-də keçiriləcək müşavirəsi zamanı yüklərin alternativ yollarla daşınması tariflərinin müəyyən olunması məsələsi həllini tapacaq”.

Rusiya yanvarın 1-dən Ukrayna üçün MDB-nin azad ticarət zonası haqqında qüvvədə olan müqaviləsini dayandırıb, daxili bazarı müdafiə etmək məqsədi ilə Avropa İttifaqından gələn rüsumsuz malların axınının qarşısını almaq üçün onlara gömrük rüsumları tətbiq edib. Bundan başqa, Rusiyaya qarşı sanksiyaları dəstəkləyən ölkə kimi Ukraynaya qarşı ərzaq embarqosu tətbiq edilib. 

Rusiya prezidentinin fərmanına əsasən, Rusiya vasitəsilə Ukraynadan Qazaxıstana yük daşımaları yalnız Belarus ərazisindən və ya "QLONASS" sistemi ilə həyata keçirilə bilər.

Rəsmi Kiyev isə bildirib ki, hazırda Rusiya vasitəsilə yüklərin tranziti faktiki olaraq dayandırılıb və bu səbəbdən Ukrayna tranzit yük daşımalarını Belarus ərazisindən həyata keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi