​Bakıda Transxəzər nəqliyyat marşrutu üzrə işçi qrupunun iclası keçirilir

​Bakıda Transxəzər nəqliyyat marşrutu üzrə işçi qrupunun iclası keçirilir Sabah isə Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun toplantısı keçiriləcək
İnfrastruktur
4 May , 2016 16:23
​Bakıda Transxəzər nəqliyyat marşrutu üzrə işçi qrupunun iclası keçirilir

Bakı. 4 may. REPORT.AZ/ Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası keçirilir. İclasda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndə heyətləri iştirak edirlər. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. 

Azərbaycanı tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “ADY Express” MMC-nin direkrotu Azad Qasımov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Fərhad Quliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini Vahid Əliyev və digər rəsmi şəxslər təmsil edirlər.

İclasda “Qazaxıstan Dəmir Yolları” SC-nin logistika üzrə icraçı direktoru Arman Sultanovun, “Ukrayna Dəmir Yolları” SC-nin Kommersiya Departamentinin rəisi Yuri Merkulovun başçılıq etdiyi nümayəndə heyətləri, “Gürcüstan Dəmir Yolları” SC-nin yükdaşımalar üzrə direktoru Aleksi Nikolaişvili iştirak edirlər. İclasa həmçinin Aktau və Batumi limanları və Gürcüstanın “Trans Caucasus Terminals” şirkətinin rəhbərliyi qatılıb.

Tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda rəqabətə davamlı tariflərin tətbiq olunması və Dostık/Altıngöl-Aktau-Bakı (Ələt)-Batumi marşrutu üzrə konteyner yükdaşımalarının təşkili qaydalarını müzakirə edirlər.

Eyni zamanda, iclasda aprel ayında yaradılan Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun iş planı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Əlaqələndirmə Komitəsinin iclasının gündəliyi və digər məsələlər diqqət mərkəzində olub.

İclasın yekununa dair protokolun imzalanması nəzərdə tutulur.

Sabah isə Bakıda yeni yaradılan Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun iclası keçiriləcək. İclasda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operatorları olan “ADY Express”, “KTZ Express” və “Trans Caucasus Terminals” şirkətlərinin səlahiyyətli nümayəndələri iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi