Yuxarı

Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tarifləri müəyyənləşdirilib

​Rəqabətədavamlı tariflər iyunun 1-dən tətbiq olunacaq

Bakı. 5 may. REPORT.AZ/ Bakıda keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair İşçi Qrupunun növbəti iclası bu gün işini yekunlaşdırıb. Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən tədbirin yekunlarına dair protokol imzalanıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan xəbərə görə, protokolda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda Çin, Orta Asiya regionundan - Qara dəniz hövzəsi, Ukrayna, daha sonra Avropaya və əks istiqamətdə rəqabətədavamlı tariflərin tətbiqi nəzərdə tutulur. Həmin tariflər mayın 17-də Gürcüstanda keçiriləcək İşçi Qrupunun növbəti iclasında dəqiqləşdirilərək, iyunun 1-dən isə tətbiq olunacaq.

Sənəddə həmçının Dostık/Altıngöl-Aktau-Bakı (Ələt)-Batumi marşrutu üzrə konteyner yükdaşımalarının təşkili qaydalarına dair bənd də əksini tapıb. Burada qatarların orta sürəti, uzunluğu və hərəkət cədvəlinin tətbiq olunması qeyd olunub.

Eyni zamanda, İşçi Qrupunun üzvləri Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun 2016-cı ilə fəaliyyət planını müzakirə ediblər və Əlaqələndirmə Komitəsinin növbəti iclasının gündəliyini təsdiq ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi