Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradılıb

Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradılıb ADY-nin sədr müavini İqbal Hüseynov qurumun Müşahidə Şurasına sədr seçilib
İnfrastruktur
13 Aprel , 2016 15:52
Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradılıb

Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operator şirkətlərinin yığıncağı keçirilib. Tədbirdə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun yaradılması haqqında müqavilə imzalanıb. Azərbaycandan "ADY Express" MMC və "ACSC Logistics" MMC, Qazaxıstandan "KTZ Express" AC, Gürcüstandan "Trans Caucasus Terminals" MMC Konsorsiuma üzv kimi daxil olub. Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. 

Yığıncaqda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun idarəetmə strukturu, Müşahidə Şurasının yaradılması və Şuraya sədr seçilməsi məsələləri də müzakirə olunub.

Aparılan danışıqlar nəticəsində Müşahidə Şurasının yaradılması haqda qərar qəbul olunub. Müşahidə Şurasına konsorsiuma daxil olan hər üzv şirkətindən bir nümayəndə daxil olub. Müşahidə Şurasının sədri vəzifəsinə isə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov seçilib. Yığıncağın sonunda tərəflər arasında protokol imzalanıb. Eyni zamanı qərara alınıb ki, marşrut üzrə yük qatarlarının hərəkət cədvəli may ayında müəyyən ediləcək.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu ilə hərəkət edən “Nomad Express” blok qatarı orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və çatdırılma vaxtı qısalacaq.

Son xəbərlər

Orphus sistemi