Bakıda Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılıb

Bakıda Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılıb Toplantıda Azərbaycan, İran və Rusiyanın işçi qrupları iştirak edib
İnfrastruktur
17 Mart , 2016 13:25
Bakıda Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılıb

Bakı. 17 mart. REPORT.AZ/ Martın 15-16-da Azərbaycan, Rusiya və İran dəmiryolçuları arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində görüləcək işlərlə bağlı işçi qruplarının üçtərəfli görüşü keçirilib.

Azərbaycan Dəmir Yolları” QSC-dən "Report"a verilən məlumata görə, tədbirdə qurumun sədr müavini İqbal Hüseynov, “Rusiya Dəmir Yolları” ASC-nin vitse-prezidenti Salman Babayev, İran Dəmir Yolunun vitse-prezidenti Hüseyn Aşuri iştirak ediblər.

Üçtərəfli görüşdə İran-Azərbaycan-Rusiya və əks istiqamətdə yük daşımalarının təşkili, nəqliyyat-ekspeditor xidmətləri sahəsində əməkdaşlıq, Azərbaycan, İran və Rusiya dəmir yollarına yeni yük axınının cəlb edilməsi, rəqabətədavamlı tariflərin müəyyən edilməsi və digər məsələlər müzakirə olunub.

İki gün davam edən tədbirin sonunda müvafiq sənədlər imzalanıb.

Qeyd edək ki, Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il dekabrın 7-də “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb.

Bu dəhliz haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində əldə olunub. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında" sazişə qoşulub.

Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub dəhlizi Avropa ölkələri, Rusiya, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Son xəbərlər

Orphus sistemi