Bakıda sərnişindaşıma ilə məşğul olan sahibkarlara xəbərdarlıq olunub

Bakıda sərnişindaşıma ilə məşğul olan sahibkarlara xəbərdarlıq olunub Bakı Nəqliyyat Agentliyi son bir həftə baş verən hadisələrlə bağlı yoxlama keçirib
İnfrastruktur
26 Dekabr , 2016 18:07
Bakıda sərnişindaşıma ilə məşğul olan sahibkarlara xəbərdarlıq olunub

Bakı. 26 dekabr.REPORT.AZ/ Bakıda ictimai nəqliyyat sektorunda istehsalat bazasında aşkar edilən ciddi nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcılara sonuncu dəfə xəbərdarlıq edilməklə vaxt verilib.

Bu, Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan məlumatda qeyd edilib.

Məlumata görə, son bir həftə ərzində Bakı şəhərinin inzibati ərazisində 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətləri üzrə hərəkət edən sərnişin avtobuslarının iştirakı ilə ağır nəticələrə səbəb olan 5 yol nəqliyyat hadisəsi baş verib.

"Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimlinin göstərişinə əsasən, baş vermiş yol nəqliyyat hadisələri ilə bağlı dərhal aidiyyəti şöbələr müvafiq araşdırma və təhlillər aparıb. Bu tədbirlər çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcıların istehsalat bazalarına baxış keçirib. Baxış zamanı sözügedən marşrutlar üzrə xidmət göstərən daşıyıcıların əksəriyyətinin istehsalat bazalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 71 nömrəli qərarının tələblərinə (Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası) uyğun qeydiyyatın aparılmadığı müəyyənləşdirilib. Belə ki, avtoparkların bir çoxunda avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının qeydiyyatı jurnalı yoxdur, eyni zamanda, yol nəqliyyat hadisəsi törədən sürücülərə verilən yol vərəqəsində qeydlər müvafiq qaydada aparılmayıb. Həmçinin, baxş zamanı müəyyən olunub ki, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsinin qeydiyyatı jurnalı yoxdur", - deyə BNA-nın məlumatında qeyd edilib.

BNA həmçinin bəyan edib ki, baxış zamanı aşkar edilən bütün çatışmazlıqlar qeydə alınaraq müzakirə edilib və sərnişin avtobuslarının iştirakı ilə baş verən və ağır nəticələrə səbəb olan yol nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi ilə bağlı təcili tədbirlərin görülməsi qərara alınıb: "Qərara əsasən, istehsalat bazasında aşkar edilən ciddi nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcılara sonuncu dəfə xəbərdarlıq edilməklə vaxt verilib. Bildiririk ki, hazırda istehsalat bazalarının qanunvericiliyin tələbinə uyğunlaşdırmayan və yenidənqurma işləri aparmayan daşıyıcılar sərnişindaşımadan kənarlaşdırılacaq. Onların müvəqqəti istismarında olan 12, 20, 105, 132 və 184 saylı müntəzəm marşrut xətləri açıq müsabiqəyə təqdim ediləcək. Həmçinin, müvafiq ekspertizanın rəyinə əsasən, ağır nəticələrə səbəb olan yol nəqliyyat hadisələrinin məhz sürücünün səhvindən baş verdiyi müəyyənləşərsə, o halda həmin şəxsin birdəfəlik sürücülük hüququndan məhrum edilməsi ilə haqqında təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınıb".  

Son xəbərlər

Orphus sistemi