Yuxarı
    Bağlamaq

    Bakıda avtobus sürücüləri üçün təlim keçirilib

    Onlara hərəkət zolaqlarında hərəkət rejimi barədə məlumatlar çatdırılıb

    Bakı. 29 mart. REPORT.AZ/ Bakı şəhərinin nəqliyyat sistemində mühüm yenilik kimi dəyərləndirilən və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolaqlarının əhəmiyyətini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) bütün hərəkət iştirakçılarının bu zolaqlardan istifadə qaydalarına düzgün əməl etmələri ilə bağlı maarifləndirmə tədbirlərinə başlayıb. 

    BNA-dan "Report"a daxil olan məlumata görə, bu məqsədlə “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqlar” mövzusunda təlim keçirilib. Təlimdə paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərin məsul nümayəndələri iştirak edib. Yol təhlükəsizliyi məsələləri üzrə ekspert tərəfindən onlara ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təyinatı, əhəmiyyəti, hərəkət rejimi, avtobusların bu zolaqlarda hərəkət xüsusiyyətləri izah edilib.

    Bununla yanaşı, təlimdə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkətinə yol verilən hallar, avtobusların bu zolaqda dayanacaq məntəqəsinə daxil olması və oradan yola düşməsi, hərəkət zolaqlarında hərəkət rejimini pozmanın məsuliyyəti kimi vacib məqamlar barədə də ətraflı məlumat verilib. Bu zolaqlarda da yol hərəkətinin bütün qaydalarına riayət edilməsinin zəruriliyi, avtobusun lüzumsuz yerə bu zolaqdan kənara çıxarılmasının yol verilməz olduğu və hər bir avtobus sürücüsünün bu tələbə əməl etməsinin vacibliyi bir daha daşıyıcı şirkətlərin məsul şəxslərinin diqqətinə çatdırılıb. Təlimdə müntəzəm sərnişindaşımaya aid qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən daşıyıcıların hüquq və vəzifələri də müzakirə edilib.

    Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin paytaxtın nəqliyyat sisteminə gətirdiyi bu yenilik sərnişin avtobuslarının təhlükəsiz və fasiləsiz hərəkətinə imkan verəcək. Bu isə ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması baxımından olduqca vacib amildir. Artıq paytaxtın M.Füzuli (Qış parkı boyunca) və Yusif Səfərov (Heydər Əliyev prospekti istiqamətində) küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı təşkil edilib, müvafiq nişanlanma işləri aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi