Yuxarı

Bakıda qırmızı rəngdə yol çəkilib

Azəryolservis: Rəngli örtüyün adi asfaltdan keyfiyyət baxımından heç bir fərqi yoxdur

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakı şəhərinin yol təsərrüfatında yenilik edilib. İlk dəfə olaraq yola tünd qırmızı rəngli asfalt-beton örtüyü döşənib. Bu barədə “Report”a “Azəryolservis” ASC-dən bildiriblər. 

Yenilik Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsündə tətbiq edilib. Təqribən 250 kv. metr sahədə uzunluğu 1 km olan yolun çəkilməsində rəngli asfalt-betondan istifadə olunub: "Məlumatda bildirilib ki, rəngli örtüyün adi asfaltdan keyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə olaraq asfalt zavodda hazır olduqdan sonra xüsusi qurğuda onun tərkibinə rəngləyici maddə qatılır və qarışdırılır. Nəticədə rəngli asfalt-beton alınır".

Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün kənarlarında olan sütunlar tünd qırmızı rəngdə olduğu üçün körpünün kənarlarına və yol ayrıcına da eyni rəngdə asfaltın döşənməsi qərara alınıb. "Bu həm vizual olaraq gözəl görünür, həm də bir növ sınaq məqsədi daşıyır. Atılmış addım özünü doğrultsa, gələcəkdə bu cür asfaltın başqa yerlərdə, əsasən səkilərə, piyada zolaqlarına, dairələrə və sair bu kimi yerlərə də döşənməsi işləri aparıla bilər", - şirkətdən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi