Yuxarı

Bakıda nəqliyyat mübadiləsi mərkəzləri yaradılır

Bu cür qovşaqlar ictimai nəqliyyatın mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərməsinə yönəlib

Bakı. 16 mart. REPORT.AZ/ Bakıda ictimai nəqliyyatın mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərməsi, sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərində ictimai asayiş qaydalarına riayət olunması, habelə dayanacaq məntəqələrinin və avtomobil duracaqlarının yerləşdirilməsi istiqamətində Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni tədbirlər görülür. Bunu "Report"a açıqlamasında qurumun Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov bildirib.

R. Mirqulamovun sözlərinə görə, hazırda qeyd edilən məsələlərin həlli üçün Bakıda nəqliyyat mübadiləsi mərkəzləri yaradılır.

"Hazırda bu istiqamətdə işə başlanılıb. Bu cür qovşaqlar çox güman ki, böyük ticarət və iaşə mərkəzlərinin, metro stansiyalarının, vağzalın yaxınlığında və xüsusən insanların çoxluq təşkil etdikləri, ictimai nəqliyyatdan daha çox istifadə etdikləri yerlərdə təşkil ediləcəklər. Onlar yaranandan sonra isə qeyri-qanuni şəkildə taksilərin dayancaqların kənarında dayanması, hər hansı bir marşruta mane olmaq kimi neqativ hallar aradan qaldırılacaq. Lakin bütün bunlara vaxt lazımdır, hamısını birdən etmək mümkün məsələ deyil. Bunun üçün hazırda Bakı şəhərinin müxtəlif ərazilərində araşdırmalar da aparılır. Problemi üzdən həll etmək olmaz, çünki o daha sonra başqa bir problemin yaranmasına gətirib çıxarır. Mövcud neqativ halların öz həllini tapması üçün müəyyən qədər zaman lazımdır", - deyə R. Mirqulamov əlavə edib.

Qeyd edək ki, Bakıda pərakəndə taksi fəaliyyəti ilə məşğul olan sürücülər ictimai nəqliyyat vasitələri və sərnişinlərinə hərəkətinə mane olurlar. Onlar öv avtomobillərini dayancaqlarda saxlamaqla, avtobusların, habelə sərnişinlərin normal hərəkət etməsinə əngəl törədirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi