Yuxarı
    Bağlamaq

    Bakıda mayın sonuna kimi daha bir neçə küçədə təmir işləri yekunlaşacaq

    Bu yolların bir neçəsi paytaxtın Yasamal rayonunda yerləşir

    Bakı. 21 may. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə aparılan təmir-tikinti işləri yaxın günlərdə yekunlaşacaq. Bu barədə "Report"a “Azəryolservis” ASC-dən məlumat verilib.

    Məlumata görə, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən Ə.Haqverdiyev küçəsi ilə kəsişməsinədək olan hissəsində yol boyu 3 min paqon metr səki daşı düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri yerlərdə yağış-kanalizasiya sistemi qurulub. Ümumilikdə,  30 min kv. metr əraziyə yeni asfalt-beton örtüyü döşənəcək. Yolun uzunluğu 1 700 metr, eni isə 16-21 metr arası dəyişir.

    Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də aparılan əsaslı təmir-tikinti işləri yekunlaşmaq üzrədir. B.Vahabzadə küçəsinin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinədək olan yolda 1 min kv. metrlik hissədə əsaslı, 2 min kv. metrlik sahədə isə orta təmir işləri aparılır. Küçə boyu 600 paqon metr səki daşı qoyulacaq. Sözügedən yolun uzunluğu 300 metr, eni isə 10 metrdir. Artıq küçənin H.Cavid prospekti ilə kəsişməsindən Mətbuat prospekti ilə kəsişməsinədək olan 520 metrlik hissəsi əsaslı təmir olunaraq sürücülərin ixtiyarına verilib.

    B.Vahabzadə küçəsində işlər tam bitdikdən sonra küçə ilə kəsişən Əhməd Cəmil küçəsinin də yenidənqurulmasına başlanılacaq. Bu küçədə də sıradan çıxmış asfalt-beton örtüyünün aşınma qatı qaşınaq, yeni, daha keyfiyyətli asfaltla əvəzlənəcək. Küçə boyu səki daşları dəyişdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, yeni baxış qapaqları qoyulacaq, yağış barmaqlıqları yenilənəcək, səth sularının normal kənarlaşdırılması üçün zəruri yerlərdə yağış-kanalizasiya sistemi qurulacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi