Yuxarı
    Bağlamaq

    Bakıda logistika və ticarət məsələri ictimai müzakirələr keçirilib

    Müzakirələr “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadovun moderatorluğu ilə davam edib

    Bakı. 15 iyul. REPORT.AZ/ Bakıda "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" mövzusunda növbəti ictimai müzakirə keçirilib.

    “Report” xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov Azərbaycanın beynəlxalq ticarət və logistika sahəsində böyük potensiala malik olduğunu vurğulayıb. Qeyd olundub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə yeni Bakı Limanın (Ələt qəsəbəsi) ərazisi də daxil olmaqla Azad Ticarət Zonasının (ATZ) yaradılması ilə bağlı işlərə start verilib. Cari ilin 10 iyun tarixində müvafiq İşçi Qrupunun ilk iclası keçirilib.İclasda İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, o cümlədən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri iştirak ediblər.

    “ATZ özündə logistika sahəsindən əlavə olaraq həmçinin əczaçılıq klasteri, neft təchizatı obyektləri, emaletmə, qablaşdırma və etiketləmə sahələrini birləşdirəcəkdir”, - deyə Baş direktor vurğulayıb.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı çıxışında bildirdi ki, açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsi təqdirə layiq haldır: "Azərbaycan ticarət axınları üçün cəlbedici olur, çünki nəqliyyat xərclərində 10 faiz azalma ticarəti 20 faiz çoxaldır. Nəqliyyat-logistika habı olmaqla investisiya axınlarının Azərbaycana yan alması, habelə ölkəmizin qlobal və regional dəyər zəncirlərində fəal iştirakı təmin edilə bilər. Beynəlxalq təcrübə göstərir ki, logistika mərkəzlərində təchizat zəncirinin rəqabətliliyini gücləndirməklə ÜDM-i 3 faiz artırmaq mümkündür. Hazırda Azərbaycan dövlətinin bu sahədə investisiya qoyuluşu üçün aydın strategiyası və hərtərəfli planları var. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində "Logistika və ticarət" 11 prioritet istiqamətdən biri kimi təsbit edilib".

    Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov, Maliyyə nazirinin müavini Emin Hüseynov və Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov tədbirdə çıxış edərək loqistika və ticarət sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətini vurğulamaqla bu sektorun böyük potensiala malik olduğunu qeyd ediblər.

    Müzakirələr “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadovun moderatorluğu ilə davam edib. Tədbirdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələri tərəfindən “Qabaqcıl beynəlxalq təcrübə - Dubay nümunəsi” və “Qabaqcıl beynəlxalq təcrübə - Sinqapur nümunəsi” mövzusunda təqdimatlar keçirilmişdir. Tədbir müzakirələrin keçirilməsi ilə davam etdib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi