​Bakıda kommersiya obyektləri ucuzlaşır

​Bakıda kommersiya obyektləri ucuzlaşır Satışa çıxarılan kommersiya obyektlərinin sayı da azalır
İnfrastruktur
13 İyun , 2015 10:36
​Bakıda kommersiya obyektləri ucuzlaşır

Bakı. 13 iyun. REPORT.AZ/ Bakı şəhərində 1 kv.metr qеyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) bu ilin may ayında apreldəki 3 618 dollardan 3 418 dollara enib. Beləliklə, aylıq qiymət azalması 5,53% təşkil еdib. "Report"un verdiyi xəbərə görə, bu barədə “MBA Ltd.” konsaltinq şirkəti monitorinq qrupunun açıqladığı aylıq hesabatda deyilir. 

Hesabata əsasən, mayda bazarda qеyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (3 418 dolları) aşağı olan obyеktlər ümumi portfеldə 69,5% paya malik olub.

Ay ərzində qеyri-yaşayış sahələri ilkin bazarında qiymət artımı Nizami (6,7%), Səbail (1,2%), Suraxanı (31,7%) və Yasamal (29,3%) rayonlarında qeydə alınıb. Ən çox qiymət azalması isə Nərimanov (-12,8%), Sabunçu (-10,1%) və Xətai (-24,0%) rayonlarında müşahidə olunub.

May ayı ərzində qiymətlərin azalması ilə yanaşı ümumi satış portfelində təkliflərin sayının da azalması baş verib. Bazara çıxarılan obyektlərin sayı ay ərzində 11,5% azalaraq 177 ədəddən 156-ə düşüb.

Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 38,0%-lə “boş yer” təyinatlı sahələr malikdir. Bu, o tip obyektlərdir ki, təyinatı dəqiq deyil və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilər. Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 28,3% və 15,2% paya sahibdir. Satışda olan ofis təyinatlı yerlərin payı 10,9%, zirzəmi təyinatlı obyektlər isə 7,6% olub.

Son xəbərlər

Orphus sistemi