Yuxarı

Bakıda kommersiya obyektləri ucuzlaşıb

Dekabr ayında bazarda orta satış qiyməti aylıq müqayisədə 3% azalıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Bakı şəhərinin kommersiya obyektləri bazarında 2014-cü ilin oktyabr-noyabr aylarında qiymətlər nisbətən artımla yadda qalmışdırsa, dekabr ayında bu göstərici əksinə olaraq azalıb. "Report"un "MBA Ltd." qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı hesabata əsasən verdiyi xəbərə görə, ümumi satış portfelində təklif sayında artım müşahidə edilib.

Hesabat dövründə daşınmaz əmlakın alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə azalma qeydə alınıb. Ümumilikdə, müxtəlif qəzet və elanlarda, internet səhifələrində satışa çıxarılan və alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı ay ərzində 10% artaraq 187 ədəddən 206 ədədə çatıb. Kommersiya obyektləri bazarında bağlanan əqdlərin sayı dekabrda 113 olub və bu, noyabr ayı ilə müqayisədə 2,6% azdır.

Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 54%-lə "boş yer" təyinatlı sahələr (təyinatı dəqiq olmayan və ofis, mağaza və ya xidmət obyekti kimi istifadəsi mümkündür) malik olub. Xidmət və mağaza təyinatlı yerlər isə bazarda payı müvafiq olaraq 28% və 11% təşkil edib. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 7%-nə malik olub.

Qeyri-yaşayış obyektlərinin orta sahəsi noyabr ayı üçün 173,09 kv.m təşkil edib ki, bu da öz növbəsində əvvəlki aya nisbətən 25,3% çoxdur. Ümumi orta sahənin azalmasına əsas səbəb kimi əmlak bazarında böyük sahələrə malik obyektlərin satılması ilə izah edilir.

Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Nərimanov rayonunda, Həsən Əliyev (əvvəlki İnqilab) küçəsində boş yer sahəsi (3 000 kv.m), ən az sahəyə isə Nizami rayonunda, "Xalqlar Dostluğu" metro stansiyası yaxınlığında (15 kv.m) sahəyə malik olan mağaza yeri qeydə alınıb.

Əvvəlki aylarla müqayisədə, 2014-cü ilin dekabr ayı ərzində kommersiya obyektlərinin satışı bazarında müşahidə edilən mənfi dinamika orta qiymətə də təsir edib. Dekabrda bazarda orta satış qiyməti əvvəlki ayla müqayisədə 2,94% azalaraq 4 458 dollar/kv.m təşkil edib. Son ayda aktivliyin nisbətən azalması, obyektlərin satışının ekspozisiya müddətinin artmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış müddəti 152 gün təşkil edib.

Qеyri-yаşаyış sаhələrinin аlqı-sаtqısı qiymətlərinin azalması ilə yanaşı, obyektlərin icаrəsi bаzаrındа da qiymətlərdə azalma müşаhidə olunub. Bаkı şəhəri üzrə 1 kv.m qеyri-yаşаyış sаhəsinin orta icarə qiyməti aylıq 18,8 dollar/kv.m təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi