Yuxarı

Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətinin müqaviləsinə xitam verilib

Bu yaxınlarda qəza törətmiş avtobusun operatoru sərnişin daşımalarından kənarlaşdırılıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakı şəhərində fəaliyyət göstərən 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərən şirkətlə bağlanan müqaviləyə xitam verilib. Bu, Bakı Nəqliyyat Agentliyi ictimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Nuridə Allahyarovadan "Report"a daxil olan məlumatda bildirilib.

"Paytaxtın nəqliyyat sistemində, xüsusən də sərnişin avtobuslarında təhlükəsizliyin və rahatlığın təmin edilməsi, eləcə də marşrut xətləri üzrə istismarda olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin sazlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi məsələlərdəndir. Bununla bağlı müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlər qarşısında ciddi tələblər qoyulub. Lakin təəssüflər olsun ki, hazırda Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan şirtkətlərin əksəriyyəti bu tələbləri tam şəkildə yerinə yetirmir. Bunun isə başlıca səbəbi onların müasir standratlara cavab verən maddi texniki bazaya malik olmamasıdır. Məhz lazımi maddi texniki bazanın olmaması icitmai nəqliyyatda bir sıra problemlərin həllini çətinləşdirir. Mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı dəfələrlə daşıyıcı şirkətlərə xəbərdarlıqlar edilib. Artıq tələbləri yerinə yetirməyən daşıyıcı şirkətlərə qarşı əməli tədbirlərin icrasına başlanılıb. Bu çərçivədə qeyd edilən mütəmadi marşrutla sərnişindaşıma xidməti göstərən şirkətlə bağlanan müqaviləyə xitam verilib", - deyə məlumatda qeyd edilib. 

Xatırladaq ki, sentyabrın 6-da Bakıda 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə istismar olunan 10-TF-297 dövlət qeydiyyat nişanlı, “Midibus-SAZ” markalı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib və bir neçə sərnişinin sağlamlığına zərər dəyib. İlkin araşdırma zamanı hadisənin törədildiyi avtobusun istismar edildiyi marşrutun həvalə olunduğu daşıyıcı fiziki şəxs ilə bağlanan "60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərilməsi haqqında müqavilə"nin müddətinin bitdiyi aşkarlanıb. Bundan başqa, Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın tələbləri də kobud şəkildə pozularaq, qəzaya düşən avtobus istismara yararsız və texniki cəhətdən nasaz olmasına baxmayaraq reysə buraxılıb. Məhz bu səbəblər nəzərə alınmaqla Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müvafiq sərəncamı ilə daşıyıcı fiziki şəxslə bağlanmış 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərilməsi haqqında müqaviləyə xitam verilib və həmin daşıyıcı 14.09.2016-cı il tarixindən 60 nömrəli marşrut üzrə müntəzəm sərnişin daşımalarından kənarlaşdırılıb. Sərəncama əsasən, 60 nömrəli marşrut üzrə sərnişindaşımanın təşkili müvəqqəti olaraq digər daşıyıcı fiziki şəxsə həvalə olunub və onunla müvafiq müqavilə bağlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi