Bakıda “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi“ mövzusunda konfrans keçirilir

Bakıda “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi“ mövzusunda konfrans keçirilir Bakı. 12 iyun. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və Dünya Bankının birgə təşkilatçılığı ilə “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi“ mövzusunda konfrans fəaliyyətə başlayıb.
İnfrastruktur
12 İyun , 2018 09:39
Bakıda “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi“ mövzusunda konfrans keçirilir
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və Dünya Bankının birgə təşkilatçılığı ilə “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi“ mövzusunda konfrans fəaliyyətə başlayıb. 

"Report" xəbər verir ki, tədbirdə komitənin, Dünya Bankının, İqtisadiyyat və Maliyyə Nazirliyinin nümayəndələri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları, o cümlədən müstəqil iqtisadçı ekspertlər, ictimai təşkilatlar və media nümayəndələri iştirak edirlər.

Konfransın məqsədi dövlət əmlakının idarə edilməsi sahəsində səmərəliliyin, şəffaflığın artırılması, optimallığın təmin olunması istiqamətində mövcud olan metodların tətbiqinin daha da genişləndirilməsidir. Həmçinin dövlət müəssisələrinin fəaliyyətinin əsas göstəricilərinin təhlili üçün düzgün maliyyə monitorinqi alətlərinin seçilməsi və sistemli tətbiqi istiqamətində fikir mübadiləsi də əsas vəzifələrdəndir. Eyni zamanda dövlət müəssisələri arasında daha uğurlu idarəetmə üzrə məlumat mübadiləsinin təkmilləşdirməsi, o cümlədən hökumət, onun qurumları və dövlət müəssisələrinə dair islahatların həyata keçirilməsi ilə bağlı müzakirələrin aparılması da konfransın məqsədlərindəndir.

Tədbiri giriş sözü ilə açan ƏMDK sədri Kərəm Həsənov bildirib ki, ölkə başçısının “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı” imzaladığı 19 iyul 2016-cı il fərmana əsasən özəlləşən müəssisələrin idarəetmə mexanizmi müasir prinsiplər əsasında həyata keçirilir. Komitə tərəfindən orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin restrukturizasiyası həyata keçirilib, qeyri-profil müəssisə və obyektlərin siyahısı müəyyənləşdirilib, onların özəlləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb. “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də bu hədəflərin icrası məqsədilə dövlət mülkiyyətində olan müəssisələr üzrə islahat tədbirlərinin icrası öz təsdiqini tapıb. Hazırda bu istiqamətdə işlər davam etməkdədir. Görülən tədbirlər isə ölkədə iqtisadi fəallığın gücləndirilməsinə, sağlam rəqabət mühitinin formalaşdırılmasına və milli iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsinə şərait yaradır.

Qeyd edilib ki,dövlət əmlakının idarəçiliyi sahəsində elektron xidmətlərə keçidin daha geniş tətbiqi, innovativ resurslardan istifadə və şəffaflığın artırılması istiqamətində mühüm nəticələr əldə olunub. Bu sahədə müasir standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi və beynəlxalq maliyyə hesabatlılıq sisteminə keçid əsas məqsədlərdəndir.

Dünya Bankının tövsiyələri də nəzərə alınmaqla iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılıb. Bu strukturda kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır. Həmin məlumat bazasına iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb platforma yaradılıb. Bu platforma komitənin elektron xidmətlər portalında yerləşdirilmiş və yekun forma Komitə tərəfindən hökumətə təqdim edilib. Bu informasiya sistemi vasitəsilə dövlət əmlakı daha səmərəli istifadə ediləcək, həmin müəssisələrdə korporativ idarəetmənin tətbiqi və onların maliyyə-təsərrüfat fəaliyyətində şəffaflıq artırılacaq. Hazırda bazada 20-ə yaxın dövlət müəssisəsinin məlumatları yerləşdirilib. Tam əhatəli, dəqiq, etibarlı və çevik qaydada yeniləşən bazaya gələcəkdə digər dövlət müəssisələrinin də inteqrasiyası həyata keçirilə bilər.

Qeyd edilib ki, dövlət əmlakının idarə edilməsi və onun qorunub saxlanılması ilə bağlı hesabatların təqdim edilməsi elektron qaydada həyata keçirilir. Hesabata əsasən dövlət əmlakının istifadə vəziyyəti təhlil edilir, faktiki vəziyyəti müəyyənləşdirilir, o cümlədən onun qorunub-saxlanılması və səmərəli istifadəsi, bu sahədə nəzarətin gücləndirilməsi təmin edilir. Nəticədə hesabatın qəbulunda şəffaflıq, operativlik artırılır, optimallıq təmin olunur.

Bildirilib ki, səhmdar cəmiyyətlərdə ümumi yığıncaqların təşkili, müşahidə şuralarının, idarə heyətinin və təftiş komissiyalarının yaradılması istiqamətində də müəssisələrə metodiki köməkliklər göstərilir, müəssisələr tərəfindən maliyyə, o cümlədən digər zəruri hesabatların vaxtında təqdim edilməsi təmin edilir. Hazırda 142 dövlət paylı müəssisələrdə korporativ idarəetmənin tətbiqi istiqamətində komitə tərəfindən daima metodiki kömək göstərilir.

Son xəbərlər

Orphus sistemi