Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Bakıda “Daşınmaz əmlakın qabaqcadan qeydiyyatının üstünlükləri və faydaları” adlı ictimai təqdimat keçirib.
“Report”un məlumatına görə, tədbirdə Komitənin, ictimai təşkilatların, iri inşaat şirkətlərinin nümayəndələri, rieltorlar, media təmsilçiləri iştirak ediblər.
Tədbirin məqsədi qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın qabaqcadan qeydiyyatının geniş istifadəsinin təmin olunması, onun faydaları, üstünlükləri barədə vətəndaşların, tikinti şirkətlərinin, ictimaiyyətin məlumatlandırılması və onların maarifləndirilməsidir.
İctimai təqdimatda çıxış edən ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Hikmət Mustafayev bildirib ki, son illər Azərbaycanda həyata keçirilən islahatlar və mövcud qanunvericiliyin təkmilləşdirilməsi iqtisadiyyatın digər sahələri ilə yanaşı, daşınmaz əmlak bazarının və inşaat sektorunun da inkişafına təkan verib. Bu inkişafın göstəricilərindən biri də ölkə ərazisində tikinti işlərinin, o cümlədən çoxmənzilli binaların inşasının geniş vüsət almasıdır.
“ƏMDK daşınmaz əmlak idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı sahəsində müasir çağrışlara əsaslanan yeni mexanizmlər tətbiq edir. Bu sahənin təkmilləşdirilməsi ilə bağlı hər tərəfli işlər görülür. Bunlardan biri daşınmaz əmlakın qeydiyyatının səmərəsinin və əhaliyə verdiyi faydanın artırılması məqsədilə tətbiq olunan qabaqcadan qeydiyyat mexanizmidir”, - deyə H.Mustafayev qeyd edib.
Tədbir çərçivəsində daşınmaz əmlak bazarının, tikinti sektorunun daha da canlanmasını təmin edəcək qabaqcadan qeydiyyat mexanizminin üstünlüklərindən və faydalarından danışılıb. Bildirilib ki, qabaqcadan qeydiyyat - əmlakın tikintisinin hələ başa çatmadığı halda, müvafiq sənədlər əsasında həmin tikilinin qeydiyyata alınmasıdır. Qeyd edilib ki, daşınmaz əmlakı qabaqcadan qeydə aldırmanın bir sıra üstünlükləri var. Beləki, qabaqcadan qeydiyyat bir mənzilin bir neçə şəxsə satılmasının qarşısının alınması üçün vacib mexanizmdir. Eyni zamanda qabaqcadan qeydiyyat bir sıra iqtisadi və hüquqi əməliyyatların həyata keçirilməsini təmin edir. Bundan sonra tikintisi başa çatmamış daşınmaz əmlakla bağlı ipoteka, bağışlanma, girov qoyma kimi prosesləri yerinə yetirmək mümkündür. Həmçinin mexanizm alınan mənzilin sahəsinin çox göstərilməsi kimi halların qarşısını alır. Satılan mənzilin və ya obyektin həcminin, sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada dəqiq hesablamasına imkan verir. Eyni zamanda, qabaqcadan qeydiyyat vətəndaşın aldığı mənzilə görə ödədiyi məbləğinrəsmi hesablanmasını təmin edir, bu sahədə vergidən yayınma hallarını aradan qaldırılır. Bundan başqa mexanizmin tətbiqi vətəndaşlara ipoteka ilə mənzil sahibi olmaq imkanı yaradır.
Qeyd edilib ki, Prezident İlham Əliyevin ipoteka kreditlərinin verilməsi şərtlərinə dəyişiklik edilməsi ilə bağlı 4 aprel 2017 ci il tarixində imzaladığı fərman daşınmaz əmlakın qabaqcadan qeydiyyatının artmasına imkan verəcək. Belə ki, dəyişikliyə əsasən ipoteka krediti ilə təkcə qeydiyyatdan keçirilmiş evləri deyil, qabaqcadan qeydiyyata alınmış mənzilləri də almaq mükmün olacaq. Bu isə vətəndaşlarda, mənzil tikintisi şirkətlərində qabaqcadan qeydiyyat mexanizminə marağı artıracaq.
Bildirilib ki, qabaqcadan qeydiyyatın aparılmasında məqsəd mənzillər üzərində fiziki və hüquqi şəxslərin hüquqlarının qabaqcadan qeydiyyata alınması yolu ilə onların mülkiyyət hüquqlarının qorunmasını, əldə etdikləri və ya inşa etdikləri əmlakdan səmərəli istifadə etməsini, onlara maneəsiz sahiblik etməsini təmin etməkdir. Bundan başqa alqı-satqı zamanı baş verə biləcək qanunpozuntularının aradan qaldırılması, bazarda leqal əmlakların sayının artırılması, vətəndaşların gələcəkdə daha operativ şəkildə çıxarışla təmin olunması da mexanizmin əsas vəzifələrindəndir.
Daha sonra ƏMDK-nın nümayəndəsi “Qabaqcadan qeydiyyatın üstünlükləri və təbliğatı” mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, qabaqcadan qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna əsasən istənilən növ daşınmaz əmlakın tikintisinin yekunlaşmadığı halda həmin tiklinin qeydiyyata alınmasını mümkün edir. Mexanizm vasitəsilə bütün kateqoriyalara aid edilən əmlaklar qabaqcadan qeydiyyata alına bilər.
Qeyd edilib ki, mülkiyyət hüququnun adi qaydada qeydiyyatından fərqli olaraq, qabaqcadan qeydiyyat daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışla deyil, arayışla rəsmilləşdirilir. Vətəndaş tikintisinə icazə sənədlərini, plan cizgini və tələb olunan digər sənədləri təqdim etməklə əmlakının qabaqcadan qeydiyyatını apara bilər. Eyni zamanda, tikinti şirkətləri də binanın inşası zamanı tikilən hər mənzili əvvəlcədən qeydiyyata aldıra bilərlər. Qabaqcadan qeydiyyatın məbləğinə gəlincə bildirilməlidir ki, vətəndaşın ödəyəcəyi məbləğ əmlakın sahəsinə, yerləşdiyi mövqeyə və digər parametrlərə görə dəyişir.