Bakıda daha iki yolun təmiri başa çatıb

Bakıda daha iki yolun təmiri başa çatıb Ağasadıq Gəraybəyli və Səttar Bəhlulzadə küçələri təmir edilərək sürücülərin ixtiyarına verilib
İnfrastruktur
3 Dekabr , 2015 14:55
Bakıda daha iki yolun təmiri başa çatıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda yerləşən Ağasadıq Gəraybəyli və Səttar Bəhlulzadə küçələrindən ikisi təmir edilərək sürücülərin ixtiyarına verilib. Bu barədə "Report"a "Azəryolservis" ASC-dən məlumat verilib.

Məlumata görə, Ziya Bünyadov prospekti və Cəfər Xəndan küçələri arasında yerləşən A.Gəraybəyli küçəsinin uzunluğu 600 metr, ortalama eni isə 20 metrdir. Köhnə asfalt-beton örtüyünün əvəzinə ikiqat olmaqla ümumilikdə küçənin 12,9 min kv. metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb.

Küçə boyu zəruri olan yerlərdə təqribən 980 paqon metr yeni səki daşı düzülüb. Bundan başqa təmir işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.

Analoji işlər S.Bəhlulzadə küçəsində də aparılıb. Təmir-tikinti işləri küçənin Atatürk prospekti və A.Gəraybəyli küçəsi arasında yerləşən hissəsində aparılıb. Bu ərazinin ümumi uzunluğu 350 metr, ortalama eni isə 18 metrdir. Sözügedən ərazidə 500 paqon metr köhnə səki daşı yeniləri ilə əvəzlənib. Küçənin 6 min kvadrat metr əraziyə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Qeyd edək ki, sözügedən küçələrdə təmir-tikinti işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, köhnə yeraltı kommunikasiya xətləri (su, istilik, qaz, elektrik və rabitə ) yeniləri ilə əvəzlənib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Kompleks şəkildə görülən işlər gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.

Hər iki küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb, işıqlandırma sistemləri işlək vəziyyətə gətirilib.

Son xəbərlər

Orphus sistemi