Bakı. 17 may. REPORT.AZ/ Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2014-2016-cı illər) çərçivəsində Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində təmir-tikinti işləri aparılıb.
“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “Report”a bildirilib ki, Ə.Nəzərov küçəsinin uzunluğu 1 km, ortalama eni isə 10 metrdir: "Uzun müddət küçənin təmir olunmaması nəticəsində asfalt-beton örtüyündə yaranan qabarma və dağılmalar avtonəqliyyat vasitələrinin normal hərəkətinə maneçilik törədib. Aparılan təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə 10 min kv.m sahəsi olan küçə iki qat asfatlanıb".
Bundan başqa, aparılan işlər çərçivəsində yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 59 ədəd baxış qapağı yenilənib. Vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, səkilərin kənarına ümumilikdə 2 min poqonmetr yeni səki daşı düzülüb.
Ə.Nəzərov küçəsi bu gündən etibarən vətəndaşların istifadəsinə verilib.