Yuxarı

Bakıda bəzi marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib

Bakı Nəqliyyat Agentliyi bu sahədə optimallaşdırma işlərini davam etdirir

Bakı. 6 sentyabr. REPORT.AZ/ Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində sərnişindaşıma sahəsində optimallaşdırma işlərini davam etdirir. Qeyd edilən bu amillərə əsaslanaraq Bakı Nəqliyyat Agentliyi 15, 24, 93 və 172 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edib.

BNA-dan "Report"a daxil olan məlumata görə, əvvəllər 15 saylı marşrut xətti üzrə avtobuslar Keşlə qəsəbəsindən Bakı Metropoliteninin “Qara Qarayev” stansiyası istiqamətində hərəkət edirdi. Dəyişiklikdən sonra isə sərnişinlər 15 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla Bakı Olimpiya Stadionu və Böyük Şor bulvarına gedə biləcəklər.

Bakıətrafı qəsəbələrdən Bakı Olimpiya Stadionuna və Böyük Şor bulvarına getmək istəyən sərnişinlər 172 saylı marşrut avtobusundan istifadə edə bilərlər. Belə ki, əvvəllər adı çəkilən marşrut xətti Bilgəh, Maştağa və Zabrat qəsəbələrindən keçməklə, Heydər Əliyev prospekti ilə “Koroğlu” metro stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzinə daxil olurdu. Dəyişiklikdən sonra bu xətt üzrə avtobuslar Heydər Əliyev prospektindən keçməklə, Bakı Olimpiya Stadionuna, oradan isə "Koroğlu" metro stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzinə hərəkət edəcək.

Bununla yanaşı, “N.Nərimanov” metro stansiyasından 24, “Dərnəgül” stansiyasından isə 93 saylı marşrut xətləri üzrə hərəkət edən avtobuslar da Bakı Olimpiya Stadionuna və Böyük Şor bulvarına daxil olacaq.

Qeyd edək ki, 15 saylı marşrut xətti üzrə 4, 172 saylı marşrut xətti üzrə 2, 24 saylı marşrut xətti üzrə 1 və 93 saylı marşrut üzrə də 1 avtobus Bakı Olimpiya Stadionuna və Böyük Şor bulvarı istiqamətində hərəkət edəcək.

Bu dəyişiklik Bakı Olimpiya Stadionunda çalışan əməkdaşların, həmçinin burada təşkil edilən yarışlar və müxtəlif kütləvi tədbirlər zamanı tamaşaçıların idman obyektinə rahat gediş gəlişini təmin edəcək. Bundan əlavə, bu yenilik istirahət məqsədi ilə stadion yaxınlığındakı Böyük Şor bulvarına üz tutan sakinlərin işini də asanlaşdıracaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi