Bakıda Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi başlayıb

Bakıda Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi başlayıb Sabah "Baku Expo Center"də “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfrans da işə başlayır
İnfrastruktur
28 Noyabr , 2017 18:27
Bakıda Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi başlayıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Bakıda III Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi (RecExpo) fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, sərgi Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilir.

Üç gün davam edəcək sərginin açılış mərasimində ƏMDK-nın sədri Kərəm Həsənov çıxış edərək sərgi ilə bağlı fikirlərini bölüşüb. K.Həsənov deyib ki, sərgidə 14 ölkədən 70-ə yaxın şirkət iştirak edir və ümumilikdə 150-dan çox layihə nümayiş olunur.

Sərgidə iştirak edən ölkələr arasında Azərbaycan, Türkiyə, BƏƏ, Qətər, Birləşmiş Krallıq, Portuqaliya, Fransa, İspaniya, Polşa, İtaliya, Rusiya, Kipr, Andorra, Gürcüstan yer alıb.

Qeyd edək ki, Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin sahəsi 6 500 kv.metr təşkil edir. Sərgidə Komitənin fəaliyyətini əks etdirən pavilyon yaradılıb. Pavilyon 90 kv.m-lik ərazini əhatə edir. Burada Komitənin fəaliyyət istiqamətləri, o cümlədən, daşınmaz əmlak və torpaq idarəçiliyində tətbiq edilən innovativ layihələr, elektron və onlayn xidmətlər, modern idarəetmə mexanizmləri barədə məlumatlar nümayiş olunur. Pavilyonda Komitənin tətbiq etdiyi elektron xidmətlərə, daşınmaz əmlakın qeydiyyatına, özəlləşdirmə prosesinə və torpaqların elektron kadastr uçotu işlərinə dair bölmələr yer alıb. Həmçinin burada torpaqların elektron kadastr uçotu informasiya sistemin məlumatları əsasında hazırlanmış ölkənin 3D formatlı relyef xəritəsinin maketi quraşdırılıb.

Qeyd edək ki, Azərbaycan dünyada bu ölçüdə maket xəritəsi olan yeganə ölkədir. Maket xəritə üfüqi olaraq 1:100 000, şaquli olaraq isə 1:33 000 miqyasındadır. Xəritənin uzunluğu 6 metr, eni isə 4,5 metrdir. Sözügedən xəritə torpaqların elektron uçotu sisteminin məlumatları əsasında dəqiq koordinatlara istinad edilməklə hazırlanıb.

Bununla yanaşı, sərgidə quraşdırılmış elektron monitorlar vasitəsilə Komitənin 36 elektron xidmətin nümayişi edilir.

Builki sərgidə özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı guşə də yaradılıb. Guşədə həmin müəssisələrin maliyyə və iqtisadi göstəriciləri, istehsal etdiyi məhsul və xidmətlər, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı və s. məlumatlar əks olunub. Potensial iştirakçılara özəlləşdirməyə çıxarılan müəssisələr və özəlləşdirmədə iştirak etmə prosedurları barədə məlumat verilir.

Qeyd edək ki, sərginin ikinci günü, noyabr 29-da "Baku Expo Center"də “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfrans da təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi