Bakıda Bəkir Çobanzadə küçəsi genişləndirilib

Bakıda Bəkir Çobanzadə küçəsi genişləndirilib Nəticədə, yolun hərəkət hissəsi 12 metrə çatdırılıb
İnfrastruktur
2 Fevral , 2016 14:00
Bakıda Bəkir Çobanzadə küçəsi genişləndirilib

Bakı. 2 fevral. REPORT.AZ/ Bakı şəhəri Nizami rayonunun Bəkir Çobanzadə küçəsində təmir-tikinti işləri həyata keçirilib. "Azəryolservis" ASC-dən "Report"a verilən məlumata görə, təmir-tikinti işləri küçənin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri ilə kəsişmələri arasında yerləşən hissədə aparılıb. Təmir işlərinin aparıldığı ərazinin uzunluğu 924 metr, küçənin ortalama eni isə 15 metrdir.

Təmir-tikinti işləri zamanı küçədə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi yenilənib, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yeniləri ilə əvəzlənib. Yeraltı kommunikasiya xətləri (qaz, su, istilik, elektrik, rabitə) yolun hərəkət hissəsindən kənara köçürülüb.

Piyadaların da rahatlığı nəzərə alınaraq təmir işləri çərçivəsində yol boyu hər iki istiqamətdə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Səkilərin kənarlarına 1 800 poqon metr yeni səki daşları düzülüb.

Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. İki qat olmaqla 14 min kv. metr sahəyə 11 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

B.Çobanzadə küçəsində yolun hərəkət hissəsinin müəyyən ərazilərdə genişləndirilməsi işləri də aparılıb. Nəticədə, yolun hərəkət hissəsi təqribən 300 metrlik məsafədə 5 metrə yaxın genişləndirilərək 12 metrə çatdırılıb.

Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar üçün 2 ədəd xüsusi “cib”li dayanacaqların yaradılması istiqamətində də addımlar atılıb. Avtobus “cib”lərinin uzunluğu 15 metr, eni isə 3 metrdir.

Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində cəmiyyət tərəfindən işıqlandırma sistemi işlək vəziyyətə gətirilib, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi