Bakıda azad ticarət zonasının yaradılmasına dair məsləhətçi şirkətlə müqavilə imzalanıb

Bakıda azad ticarət zonasının yaradılmasına dair məsləhətçi şirkətlə müqavilə imzalanıb Azərbaycan tərəfinə bu xidməti Birləşmiş Ərəb Əmirliklərinin “Economic Zones World FZE” şirkəti göstərəcək
İnfrastruktur
7 Sentyabr , 2016 12:20
Bakıda azad ticarət zonasının yaradılmasına dair məsləhətçi şirkətlə müqavilə imzalanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün Bakının Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli iqtisadi zonanın yaradılmasına yönəlmiş məsləhətçi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb.

"Report" xəbər verir ki, sənəd İqtisadiyyat Nazirliyi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Birləşmiş Ərəb Əmirliklərinin “Economic Zones World FZE” şirkəti arasında imzalanıb. 

Tədbirdə iştirak edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan iqtisadiyyatın bütün sahələrinin şaxələnməsi və inkişaf etməsini hədəf götürüb. Nazir hazırda ölkədə icrası həyata keçirilən beynəlxalq enerji, infrastruktur layihələri barədə məlumat verib və qeyd edib ki, ölkədə dəmiryolu xətləri yenidən qurulur və yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulub. 

"Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində mühüm addımlar atır. Bu çərçivədə bu il İran sərhədinə qədər dəmir yolunun tikintisi nəzərdə tutulub. Gələcəkdə isə Fars körfəzinədək bu dəmir yolu layihəsinin tikintisi planlaşdırılır", - deyə nazir qeyd edib. 

Tranzit daşırmaların inkişafının Azərbaycan üçün önəmini vurğulayan Ş.Mustafayev ölkənin bu sahəyə yatırdığı böyük sərmayələr, habelə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılmasına dair ətraflı məlumat verib. 

Daha sonra Ş.Mustafayev qeyd edib ki, bu ilin 7 ayı ərzində Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi 40% artıb. Bundan başqa, bu ilin noyabr ayında Azərbaycan və BƏƏ arasında hökumətlərarası komissiyasının iclası keçiriləcək və iclasın əsas mövzusu "DP World" şirkətlər qrupu ilə imzalanan müqavilənin icrası olacaq. 

Tədbirdə çıxış edən "DP World" şirkətlər qrupunun icraçı direktoru Sultan Əhməd bin Sulaim isə Azərbaycanda böyük inkişaf gördüyünü bildirib: "20 il əvvəl mən təsəvvür etməzdim ki, Bakı belə bir şəhərə çevriləcək. Şəhər olduqca tərəqqi edib. Bu, bizə əminlik verir ki, azad ticarət zonası tipli iqtisadi zona layihəsi uğurlu olacaq. Biz Bakının Avrasiyanın birləşdirici mərkəzinə çevrilməsini istəyirik. Sizin bunun üçün mənbələriniz var, bizim isə təcrübəmiz. Bakının alternativ deyil, zərurətə çevrilməsini istəyirik".

Son xəbərlər

Orphus sistemi