Yuxarı

​Bakıda avtobus marşrutlarının dəyişdirilməsi təklif edilir - EKSKLÜZİV

Azərbaycan paytaxtının nəqliyyat sistemində innovativ yeniliklər tətbiq oluna bilər

Bakı. 16 aprel. REPORT.AZ/ Bakı şəhərinin mərkəzində ictimai nəqliyyat sisteminin yenidən təşkili və optimallaşdırılması təklif edilir. Təklifin əsasında nəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq məqsədilə şəhər mərkəzində avtobus marşrut xətlərinin şəraitə uyğunlaşdırılması durur. Bu barədə "Report"a Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının (ADB) şəhərsalma üzrə baş mütəxəssisi Devid Marqonstern (David Margonsztern) bildirib.

Onun sözlərinə görə, Azərbaycan Maliyyə Nazirliyinin müraciəti əsasında Bakıda şəhərin mərkəzinin avtobus şəbəkəsinin yenidən təşkil edilməsi ilə bağlı texniki təkliflər hazırlanıb. Hazırda layihə "Baku Bus" MMC, digər sərnişindaşıma operatorları və "Bakı Sərnişin Nəqliyyatı" MMC tərəfindən müzakirə edilir.

Mütəxəssisin fikrincə, Bakının mərkəzində nəqliyyat vasitələrinin sıxlığı, sərnişindaşıma ilə məşğul olan yüzlərlə fərdi operatorun daha çox sərnişin yığmaq üçün apardığı rəqabət, avtobusların hər dayanacaqda dayanması nəticədə yol şəbəkəsinin həddindən artıq yüklənməsinə gətirib çıxarır. Bu isə hər bir vətəndaş üçün olduqca təhlükəli şəraitdir.

"Məlum olduğu kimi, "Baku Bus" MMC dövlət tərəfindən yaradılıb və Bakıya artıq yeni avtobuslar da gətirilib. Bizim təklifimiz şəhər mərkəzinin avtobus şəbəkəsinin, yəni marşrut xətlərinin yenidən təşkili və optimallaşdırılmasıdır. Yeni layihədəki təkliflərdən biri hazırkı sərnişindaşıma sistemini bir qədər dəyişməkdən ibarətdir. Mərkəzdə avtobus marşrutlarının dəyişdirilməsini təklif edirik. Çünki hazırda əksər marşrutlar avtobusların rəqabəti nəticəsində çox təkrarlanır. Təkliflərimizə görə, marşrut xətləri optimallaşdırmalı, lisenziya ayrıca marşrutları idarə edəcək operatorlara verilməlidir. Düzdür, bir gecədə bir sistemdən başqasına keçmək çətindir", - D.Marqonstern bildirib.

Nəticə etibarilə bütün inkişaf etmiş ölkələrdə sərnişindaşıma operatorlarının sərnişin sayına görə deyil, əksinə, neçə kilometr məsafə qət etməklə üstünlük qazandıqlarını vurğulayan ekspert bu cür sistemin avtobusların daha çox sərnişin toplamaq naminə bir-biri ilə rəqabətə girmələrinin qarşısını aldığını qeyd edib: "Bu isə nəticədə ekoloji təmizliyə, rahatlığa, sürücünün nəzakətli davranışına, ümumilikdə ictimai nəqliyyatın daha dostyana olmasına gətirib çıxarır".

Bundan başqa, layihəyə dayanacaqların yerinin dəyişdirilməsi, keçidlərin yenidən təşkili, işıqforlar, küçə hərəkətinin idarə edilməsi və s. məsələlər daxildir. ADB-nin nəqliyyat sahəsi üzrə ekspertlərinin təklif etdiyi yeniliklərə bir sıra innovativ həllər də daxildir. Yeni təklifdə avtobus xətlərinin əks axını, yəni ancaq avtobusların bir istiqamətdə, digər ümumi nəqliyyat vasitələri isə əks istiqamətdə hərəkət etməsi məqamı da əksini tapıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi