Bakıda 7 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatından keçib

Bakıda 7 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatından keçib Hazırda Bakı, Sumqayıt və Xırdalan şəhərlərində 20-dən artıq MMMC-nin yaradılması istiqamətində işlər aparılır
İnfrastruktur
29 Aprel , 2015 20:35
Bakıda 7 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti dövlət qeydiyyatından keçib

Bakı. 29 aprel. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Avropa İttifaqının yardımı ilə həyata keçirilən “Azərbaycanın mənzil sektorunda islahatlara yardım” layihəsi çərçivəsində “Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) idarə olunması və fəaliyyətinin tənzimlənməsi” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.

“Report” nazirliyin məlumatına əsəsən bildirir ki, seminarda İqtisadiyyat və Sənaye Nazirliyinin, beynəlxalq təşkilatların, bələdiyyələrin və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin, eləcə də çoxmənzilli binaların idarə olunması üzrə təşəbbüs qruplarının nümayəndələri iştirak edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov nazirlik tərəfindən çoxmənzilli binaların mülkiyyətçiləri arasında, eləcə də yeni yaradılan MMMC-lərin idarəedici şəxslərinin yeni mənzil münasibətləri sahəsində biliklərinin artırılması məqsədilə həyata keçirilən maarifləndirmə işləri barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, Mənzil Məcəlləsi mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin formalaşması, eləcə də mənzil fondunun idarə olunmasında mütərəqqi idarəetmə üsullarının tətbiqində əsas hüquqi bazadır. Məcəllə vətəndaşlara əmlak hüquqlarını həyata keçirmək üçün əlverişli imkan yaradır. Aparılan islahatlar nəticəsində çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə əlaqədar indiyədək Bakı şəhərində 7 MMMC qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınıb. Hazırda Bakı, Sumqayıt və Xırdalan şəhərlərində 20-dən artıq MMMC-nin yaradılması istiqamətində işlər aparılır. Qeyd edilib ki, bugünkü seminar belə idarəedici qurumların sayının artırılması, fəaliyyətlərinin təşkili və dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Pərviz Yusifov mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və çoxmənzilli binaların idarə olunması sahəsində Avropa İttifaqı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlıq etdiyini bildirib, “Azərbaycanın mənzil sektorunda islahatlara yardım” layihəsi çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.

Layihənin rəhbəri Cerzy Fiszer çoxmənzilli binaların idarə olunmasının əsasları və üsulları, MMMC-lərin üstünlükləri, sahələrin yararlı vəziyyətdə saxlanması, təmiri və abadlaşdırılması, xərclərin hesablanması və yaşayış sahəsinin saxlanması haqqının müəyyənləşdirilməsi ilə bağlı Avropa təcrübəsi barədə təqdimatla çıxış edib.

Layihənin eksperti Azad Talıbov çoxmənzilli binaların MMMC tərəfindən idarə olunmasının hüquqi aspektləri və mənzil qanunvericiliyinin tələblərinə dair, Nazirliyin Mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Fərrux Dadaşov isə MMMC-lərin yaradılmasına dövlət dəstəyi barədə məruzələrlə çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi