Bakı. 17 iyul. REPORT.AZ/ Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkcinin sabah başlayacaq Bakı səfərinin detalları məlum olub. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, B.Tüfenkci səfər çərçivəsində tarixi İpək Yolunu canlandıracaq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin gömrük prosedurları və sərhəd keçidlərinin sürətləndirilməsi məqsədilə üçtərəfli görüşdə iştirak edəcək.
Tədbirdə B.Tüfenkci ilə yanaşı, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Gürcüstan baş nazirinin birinci müavini, maliyyə naziri Dimitri Kumsişvili də iştirak edəcəklər.
Görüş zamanı həmçinin Türkiyə, Azərbaycan və Gürcüstanın Avropa ilə Asiya arasında körpü rolunun gücləndirilməsi, gömrük sərhədlərində ticarətin asanlaşdırılması, habelə qanunsuz ticarətə qarşı birgə mübarizəninaparılması ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.
"Hazırkı şəraitdə Asiya ilə Avropanı birləşdirən ən önəmli qovşaq nöqtəsində yerləşən ölkələrimizin əməkdaşlığının əhəmiyyəti daha da artacaq. Bu layihə, tikintisi yekunlaşdıqdan sonra Çin ilə İngiltərəni ən qısa və sürətli şəkildə birləşdirəcək. Bu böyük layihə ilə istehsal və istehlak mərkəzləri ölkələrimizi bir-birinə daha da bağlayacaq. Qafqaz tranzit dəhlizini dəstəkləməyə yönəlmiş xarici işlər və nəqliyyat nazirləri arasında qurulan üçtərəfli mexanizmə bənzər şəkildə gömrük idarələri arasında da üçtərəfli mexanizm qurulacaq", - deyə türkiyəli nazir əlavə edib.
Xatırladaq ki, B.Tüfenkcinin Azərbaycana səfəri iyulun 18-19-da baş tutacaq. O, Azərbaycanın rəsmi şəxsləri ilə də ikitərəfli görüşlər keçirəcək.