Yuxarı

​"Bakı-Tbilisi-Qars" dəmir yolunun Türkiyə hissəsində tikinti işlərinin 80% -i başa çatıb

Yolun Gürcüstandan Türkiyəyə qədər olan hissədə yolun üst quruluşu işləri də tamamlanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Türkiyədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binalı Yıldırım arasında "Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə olunub.

QSC-dən "Report"a verilən məlumata görə, görüşdə Cavid Qurbanov çıxış edərək "Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsinin tarixi, mövcud vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib.

O bildirib ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb, artıq dizel ilə işləyən lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilirlər. Elektrik təchizatı, işarəvermə və rabitə işləri bu ilin avqust ayına kimi tamamlanacaq və yol tam istismara veriləcək.

Sonra Binalı Yıldırım çıxış edərək bildirib ki, bağlantının Türkiyə hissəsində tikinti işlərinin 80% -i görülüb. Bir çox tamamlama, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri ilin sonuna kimi başa çatdırılacaq.

Tərəflər yaxın gələcəkdə Azərbaycan, Gürcüstan və Türkiyə rəsmilərinin iştirakı ilə "Bakı-Tbilisi-Qars" dəmir yolunun istismar şərtləri və tarif siyasətinin müəyyən edilməsi üçün üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə ediblər.

Görüş Türkiyə mediasında canlı yayımlanıb, sonda KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi