Yuxarı

İsveçrədə Bakı-Tbilisi-Qars dəmir yolunda istismar olunacaq vaqonların istehsalına başlanılıb

Gələn ilin iyul-avqust aylarında ilk 10 vaqonun istismara buraxılması nəzərdə tutulub

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Stadler Rail Group" şirkətinin İsveçrənin Altenrayn şəhərində yerləşən zavodunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə və gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış və hazır birinci vaqon gövdəsinin qəbulu həyata keçirilib.

“Azərbaycan Dəmir Yolları”nın Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, tədbirdə cəmiyyətin sədri Cavid Qurbanov, "Stadler Rail Group"un prezidenti Peter Şpuler, Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı və hər iki tərəfin nümayəndə heyəti iştirak ediblər.

Gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla, dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 yerlik olacaq.

Müasir texnoloji üstünlüklərlə təchiz olunmuş vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılmış sistem sayəsində mümkün olacaq. Bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha da rahat səfər etmələrini təmin edəcək. Müqaviləyə əsasən, 2016-cı ilin iyul-avqust aylarında ilk 10 vaqonun istismara buraxılması nəzərdə tutulub.

Səfər zamanı C.Qurbanov, həmçinin "Stadler Rail Group" şirkətinin Bussnanq regionunda yerləşən ən böyük zavoduna baxış keçirib. Tədbirdə şirkət haqqında ümumi məlumat verilib, 1942-ci ildə təsis olunması, 1997-ci ildə holdinqə çevrildiyi vurğulanıb. Qeyd edək ki, 6 100 əməkdaşın çalışdığı holdinq 8 ölkədə istehsal və xidmət müəssisələrinə malikdir. Metro, tramvay, çarxlı və relsli dəmir yolu üçün müxtəlif ölçülü və təyinatlı qatar və vaqonlar istehsal edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi