Yuxarı

​Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək qatarlar Almaniyada nümayiş olunacaq

İstehsalçı şirkət layihə üçün hazırladığı nəqliyyat vasitələrini beynəlxalq tədbirdə sərgiləyəcək

Bakı. 5 iyul. REPORT.AZ/ Bu ilin sentyabr ayında İsveçrənin "Stadler Rail Group" şirkəti "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişi ilə istehsal etdiyi və Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək yataq tipli sərnişin vaqonlarını Berlində (Almaniya) keçiriləcək "InnoTrans-2016" dəmir yolları infrastrukturuna dair beynəlxalq sərgidə nümayiş etdirəcək.

"Report"un "Railway Gazette" istinadən verdiyi xəbərə görə, sərgi zamanı "Stadler Rail Group" həmçinin B.Britaniyanın "Direct Rail Services" operatorunun istifadəsi üçün "Beacon Rail" lizinq şirkəti tərəfindən sifariş edilən "A Class 88 EuroDual" elektrik-dizel lokomotivlərini, habelə İsveç Federal Dəmir Yollarının şəhərlərarası reyslər üçün sifariş etdiyi "EC250 Giruno" qatarlarını sərgiləyəcək.

Sərgi sentyabrın 20-dən 23-dək davam edəcək.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 yerli olacaq.

Müasir texnoloji üstünlüklərlə təchiz olunan vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılmış sistem sayəsində mümkün olacaq. Bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha da rahat səfər etmələrini təmin edəcək. Müqaviləyə əsasən, 2016-cı ilin iyul-avqust aylarında ilk 10 vaqonun sınaqdan keçirilməsi nəzərdə tutulub.

"Stadler Rail Group" şirkətində 6 100 əməkdaş çalışır və dünyanın səkkiz ölkəsində istehsal və xidmət müəssisələrinə malikdir.  Şirkət metro, tramvay, çarxlı və relsli dəmiryolu üçün müxtəlif ölçülü və təyinatlı qatar və vaqonlar istehsal edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi