Yuxarı
    Bağlamaq

    Bakı-Sumqayıt dəmir yolunda relsə daş qoyan şagirdlər saxlanılıb

    Onların IX və XI sinif şagirdləri olduqları müəyyənləşib

    Bakı. 2 dekabr. REPORT.AZ/ Bakı-Sumqayıt elektrik qatarının hərəkəti Keşlə-Biləcəri mənzilində relsin üzərinə mişar daşlarının iri qırıqlarının düzülməsi səbəbindən dayandırılıb, təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə nəticəsində qatarların hərəkətində ləngimələrə yol verilib. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumatda bildirilir.

    Belə ki, Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində dəmir yolunun üzərinə daş qırıqları qoyanlar saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlananlar Binəqədi rayonu 100№-li orta məktəbin XI sinif və Binəqədi rayonu 143№-li orta məktəbin IX sinif şagirdləridir.

    Saxlanılanlar polis bölməsində dindirilərkən hadisəni törətdiklərini etiraf ediblər.

    "Azərbaycan Dəmir Yolları" bir daha Bakı-Sumqayıt marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırır ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək", - N.Əzməmmədov qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi