Bakı. 11 iyul. REPORT.AZ/ Bakı Sərnişin Stansiyasında əsaslı təmir işləri davam etdir.
Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyindən məlumat verilib.
Qurumdan bildirilib ki, vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək: "Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək".
Xəbərə görə, “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov stansiyada aparılan yenidənqurma işləri ilə tanış olub. O, təmir-tikinti işlərinə baxış keçirəndən sonra tapşırıq və tövsiyələrini verib. Hazırda stansiyada tunellərin və beşinci platformanın tikintisi davam edir. Sürətlə davam edən əsaslı təmir işlərinin 2016-ci ilin sonunda başa çatması nəzərdə tutulur.
Stansiyada təmir işləri 2015-ci ilin mart ayında başlayıb.
Xatırladaq ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı Sərnişin Vağzalı 1884-cü ildə istifadəyə verilib. Vağzal binasının Mavritaniya üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olub, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib.
1977-ci ildə Bakı Sərnişin Stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni tipdən olan obyektlərin ən böyüyü olub.