Yuxarı

Bakı şəhərinin təkrar mənzil bazarında qiymətlər düşüb

Qiymət azalması alıcılıq qabiliyyətinin zəifləməsi ilə əlaqələndirilir

Bakı. 8 iyun. REPORT.AZ/ Bu ilin may ayı ərzində Bakı şəhərinin təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1 689 dollar/кv.m-dən 3,49% azalaraq 1 630 dollar/кv.m-ə qədər, milli valyutada isə 1 770 manat/кv.m-dən 3,47% azalaraq 1 709 manat/кv.m bəndində qərarlaşıb.

"Report"un “MBA Ltd.” konsaltinq şirkətinin monitorinq qrupunun açıqlaqdığı aylıq hesabata istinadən verdiyi xəbərə görə, təkrar yaşayış mənzil bazarında qeyd olunan qiymət azalmasını alıcılıq qabiliyyətinin zəifləməsi ilə əlaqələndirmək olar.

Aprel ayında ümumi təkliflərin sayı 1 726 olduğu halda, bu rəqəm mayda 1 564 təşkil edib. Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 25% azalıb. Nəsimi, Nərimanov və Yasamal rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edib və onların ümumi payı 55,3%-ə bərabər olub.

Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1 500 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 41,2%-ni təşkil edib və qeydə alınan orta bazar qiyməti 1 217 dollar/kv.m-dir. Ümumi təklif portfelinin 41%-ni 1 500-2 000 dollar/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1 735 dollar/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər 1 kv. metrinin dəyəri 2 000 dollar/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 17,8% təşkil edir. Bahalı mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2 348 dollar/kv.m təşkil edib.

Otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə 1, 3 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təkliflə yanaşı otaqlar üzrə qiymət azalması 2 otaqlı mənzillərdən başqa digər müxtəlif otaqlı mənzillərdə baş verib.

Ötən ay ərzində ən çox qiymət azalması Xruşşov layihəsində qeydə alınıb (-7,45%). 

Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1 630 dollar) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 52,15%-ə malikdir. Mənzillərin orta sahəsi 82,0 kv.m, orta otaq göstəricisi isə 2,46 təşkil edir. Hər otağın orta satış qiyməti 54 509 dollar, mənzilin orta qiyməti isə 134 092 dollar təşkil edib.

Təkrar yaşayış mənzil bazarında 1 kv. metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “stalinka” layihəli 3 otaqlıda qeydə alınıb. Nizami küçəsində yerləşən 72 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin 1 kv. metrinin satışa təklif olunan qiyməti 4 600 dollar təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonunda, Xırdalan şəhərində yerləşən 78 kv.m-lik sahəyə malik yeni tikilidə, 1 otaqlı mənzildə qeydə alınıb (685 dollar/kv.m).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi