Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsinin zolaqları genişləndirilir

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsinin zolaqları genişləndirilir 2 hərəkət zolaqlı yol 4 hərəkət zolaqlı olacaq
İnfrastruktur
26 Avqust , 2016 11:18
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsinin zolaqları genişləndirilir

Bakı. 26 avqust. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3-15,1 km-lik (1,85 km) hissəsinin I B texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına start verilib. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, layihə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2014-2018-ci illər) uyğun olaraq Dünya Bankı ilə imzalanmış "Azərbaycan magistral avtomobil yolu-3 Layihəsi"nə əlavə maliyyələşdirmə üzrə kredit sazişi çərçivəsində həyata keçirilir.

Layihəyə uyğun olaraq, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 1,85 km-lik hissəsi 4-6 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 29,5 metr, yolun hərəkət hissəsinin eni 15 m və 24 m, hərəkət zolaqlarının eni 3,75 m və 4,5 m, ayrıcı zolağın eni isə 1 m təşkil edəcək.

Piyadaların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə iki istiqamət üzrə 1,5 m enində səkilər, həmçinin Müşfiq qəsəbəsində 2 ədəd yerüstü piyada keçidi inşa ediləcək.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 4,5 m enində kollektor yolların inşası, Müşfiq qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 m uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetiriləcək.

Qeyd edək ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci km-lik (76 km) hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsi də uğurla icra olunur. Yaxın müddət ərzində isə yolun 91-107 km-lik (16 km) hissəsinin yenidən qurulmasına başlanılması nəzərdə tutulub.

Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsinin yenidən qurulması turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi