​Bakı-Şamaxı-Yevlax avtomobil yolunda alt keçidləri inşa olunur

​Bakı-Şamaxı-Yevlax avtomobil yolunda alt keçidləri inşa olunur Yolda 32 ədəd dairəvi su ötürücüsü isə artıq tikilib
İnfrastruktur
7 İyul , 2015 17:39
​Bakı-Şamaxı-Yevlax avtomobil yolunda alt keçidləri inşa olunur

Bakı. 7 iyul. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik hissəsinin 4 zolağa qədər genişləndirilməsi üçün əlavə 2 zolağın tikintisi işləri davam etdirilir.

"Azeryolservis" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, yolun 15-45-ci kilometrlik hissəsində 2 zolaqlı mövcud yola paralel yeni yolun tikintisi işlərinin təqribən 65%-i, asfalt-beton örtüyünün döşənməsi işlərinin isə 96%-i icra olunub. Layihəyə əsasən, sözügedən ərazidə 1 yerüstü piyada keçidi, 3 ədəd alt keçidi inşa olunur. Bundan başqa, 6 ədəd düzbucaqlı və 32 ədəd dairəvi su ötürücüsü isə artıq tikilib.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsinin 45-67-ci kilometrliyində də iki zolaqlı mövcud yola paralel yeni yolun tikintisi işləri tərtib olunmuş qrafikə uyğun davam etdirilir. İndiyədək ərazidə ümumi qazma işlərinin 94%-i, torpaq işlərinin 93%-i icra edilib. Layihəyə əsasən, 1-ci dərəcəli texniki yol üzərində 1 körpü, 1 yol qovşağı, 1 yerüstü piyada, 2 ədəd alt keçidi inşa olunur. Bundan əlavə, 10 ədəd düzbucaqlı və 32 ədəd dairəvi su ötürücüsü tikilib. Hazırda yolun hərəkət hissəsinin asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri həyata keçirilir. Artıq ümumi asfaltlanma işlərinin 30%-i görülüb.

Yolun 67-91-ci kilometrlik hissəsində də tikinti işləri sürətlə davam etdirilir. Yolun bu hissəsində 1 körpü, 3 yol qovşağı, 5 yerüstü piyada keçidi və 2 ədəd alt keçidi inşa edilir. Hazırda yolun ayrı-ayrı hissələrində asfalt-beton örtüyünün döşənməsi işləri görülür.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik hissəsində artıq kommunikasiya xətlərinin köçürülməsi işləri tam olaraq başa çatdırılıb. Bundan başqa yolun genişləndirilməsi işləri çərçivəsində zəruri yerlərdə işıqlandırma sistemləri qurulacaq, sərnişinlərin rahatlığı üçün avtobus dayanacaqları tikiləcək.

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsi istifadəyə verilərkən yol 4 hərəkət zolaqlı olacaq. Beynəlxalq standartlara cavab verəcək yeni yolda nəqliyyatın rahat hərəkəti tam təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi