Yuxarı

Bakı-Şamaxı avtomobil yolunun yenidən qurulması davam edir

Ümumilikdə isə layihə üzrə görülmüş işlərin həcmi 60% təşkil edir

Bakı. 31 may. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik (76 km) hissəsinin I texniki dərəcəyə uyğun olaraq iki hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsi icra olunur. Layihəyə uyğun olaraq yol yatağının eni 27,5 metr, yolun hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının eni 3,75 metr, ayrıcı zolağın eni 5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metrdir. "Azəravtoyolservis" ASC-dən "Report"a daxil olan məlumata görə, hamarlayıcı lay 50 sm, əsasən qranular alt layının qalınlığı 22 sm, doğranmış əsas layın qalınlığı isə 15 sm olmaqla yol geyiminin əsasının qalınlığı 87 sm-dir.

Bitumlu əsas layın qalınlığı 19 sm, əlaqələndirici asfalt layının qalınlığı 6 sm, üst aşınma layının qalınlığı 4 sm olmaqla yol örtüyünün əsası isə 29 sm təşkil edəcək. Ümumilikdə yol geyiminin qalınlığı 1,16 m olacaq.

Layihə çərçivəsində 123 ədəd (81 ədəd tikilib) dairəvi borunun, 14 ədəd (13 ədəd tikilib) düzbucaqlı su keçidinin, 19 ədəd (13 ədəd tikilib) alt keçidin və 26 ədəd (6 ədəd tikilib) drenaj borularının tikintisi nəzərdə tutulub. Həmçinin, yol boyu zəruri olan ərazilərdə 6 ədəd yerüstü piyada keçidinin inşası planlaşdırılır.

Bundan başqa, layihə üzrə 11 ədəd geri dönməni təmin etmək üçün xüsusi hissələrin və Ceyrankeçməz çayı üzərində 2 körpünün tikintisi də aparılır. Yolun 63-cü km-də inşa edilən körpünün uzunluğu 47,5 m, 68-ci km-də tikintisi aparılan körpünün uzunluğu isə 54,2 m-dir.

Hazırda yolun 15-45-ci kilometrliyində genişlənən hissədə işlər demək olar tam yekunlaşıb. Yolun 45-91-ci km-lik hissəsində müəyyən ərazilərdə yolun genişləndirilməsi işləri və yol boyu kommunikasiya xətlərinin köçürülməsi işləri başa çatdırılıb. Hazırda torpaq yatağının, yol geyiminin dənəvər laylarının, asfalt-beton layların, suötürücü boruların, yeraltı keçidlərin tikintisi işləri görülür.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci km-lik hissəsinin müəyyən ərazilərində mövcud yolun yenidən tikilməsi, bəzi hissələrdə yeni yol oxuna uyğun yolun tikilməsi, yerüstü piyada keçidlərinin inşası, zəruri olan yerlərdə işıqlandırma sisteminin qurulması, yolun xətlənməsi və nişanlanması işlərinin də yaxın müddət ərzində icrası təmin olunacaq.

Ümumilikdə isə layihə üzrə görülmüş işlərin həcmi 55-60% təşkil edir.

Dünya Bankı ilə imzalanmış "Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi çərçivəsində Bakı-Şamaxı avtomobil yolunun 13,3-15 və 91-107 km-lik hissələrinin də I texniki dərəcəyə uyğun olaraq yenidənqurulması nəzərdə tutulur. Hazırda həmin layihələr tender mərhələsindədir və yaxın gələcəkdə onların da icrasına başlanılacaq.

Qeyd edək ki, regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi