​Bakı metrosunda yeni təsərrüfat qatarı istifadəyə verilib

​Bakı metrosunda yeni təsərrüfat qatarı istifadəyə verilib Bu nəqliyyat vasitəsi "Avro-4" standartına cavab verir
İnfrastruktur
4 Noyabr , 2015 11:24
​Bakı metrosunda yeni təsərrüfat qatarı istifadəyə verilib

Bakı. 4 noyabr. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-də yeni təsərrüfat qatarı istifadəyə verilib. Bu qatar gündüz saatlarında depo yollarında, gecələr isə tunellərə material, avadanlıq, maşın və mexanizmləri, müxtəlif ölçülü relsləri, şpalları daşıyan, növbə işçilərini - təmirçiləri, yoxlama-baxış dəstələrini aparan, tuneldən tullantıları, dəmir-beton qırıntılarını və s. çıxararaq, 3 saat ərzində yollarda müxtəlif xidmətlərin işinin sürətini təmin edir. 

Metropolitendən "Report"a daxil olan xəbərə görə, bu təsərrüfat qatarı Rusiyanın Udmurtiya Respublikasının Kambarka şəhərində yerləşən "Kambarsk Maşınqayırma Zavodu" Ticarət Evinin istehsalıdır. MTK-1-038 markalı dartı modullu yeni motovozun gücü, manevr qabiliyyəti rəvan hərəkətə şərait yaradır. Bu mənada sürət qutusunun avtomatlaşdırılması az rol oynamır. Səs-küyün azalması, ekoloji cəhətdən daha səmərəli olması onun xüsusi üstünlükləridir. Müasir güc qurğularının qoyulması dəmir yol nəqliyyatı üçün nəzərdə tutulmuş "Avro-3" və "Avro-4" standartlarına tam cavab verir.

Motovozda təhlükəsizlik, eləcə də yanğın əleyhinə sistemlər quraşdırılıb, hərəkətin parametrləri üzrə registratorla təchiz olunub. Radiorabitə şəbəkəsi və işıqlanması müasir sistemlərə əsaslanır. Vacib elementlər sırasında 50 kVt-luq generatoru, 1 ton yükü qaldırmaq iqtidarında olan hidroqaldırıcı kran qurğusunu qeyd etmək də lazımdır. Bu sıraya ehtiyac yarandıqda, generatordan verilə biləcək 380 V gərginliyi də əlavə etmək olar.

Maşinist idarəetməsi tam kompüterləşdirilib. Bu, təkcə hərəkətdə olan maşını idarə etmək üçün deyil, həm də onun vəziyyətini qiymətləndirmək baxımından əhəmiyyətli yenilikdir. Proqram özü motovozda yarana biləcək çatışmazlıqları, nasazlıqları təyin etməyə və vaxtında aradan qaldırmağa kömək edir.

Motovozun iki müasir tipli mühərriki var. Onlardan biri, hər hansısa nasazlıq halında, motovozu tuneldən 5 km/saat sürəti ilə çıxarmağa kömək edəcək.

Son xəbərlər

Orphus sistemi