Bakı metrosunda korroziyaya qarşı yeni üsullardan istifadə edilir

Bakı metrosunda korroziyaya qarşı yeni üsullardan istifadə edilir Son 3 ildə 10 fərqli istiqamətdə ölçmələrə imkan verən 5 tipdə və 13 adda 40 cihaz, alət və avadanlıq alınıb
İnfrastruktur
6 Mart , 2017 13:20
Bakı metrosunda korroziyaya qarşı yeni üsullardan istifadə edilir
metro.gov.az

Bakı. 6 mart. REPORT.AZ/ Bakının mürəkkəb geoloji şəraiti metropolitenin fəaliyyətinə təsir edir. "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra ilk növbədə korroziya ilə mübarizə sahələrinin sayı iki dəfə artırılaraq 6-ya çatdırılıb. Bu, cəmiyyətdən "Report"a daxil olan məlmumatda bildirilib.

Belə ki, korroziya ilə mübarizə briqadaları 2014-cü ildə 21 842,3 kv.metr sahəni təmizləmişdisə, 2015-ci ildə bu rəqəm 85 311,45 kv.m olub. 2016-cı ildə tunel geyiminin korroziyadan təmizlənməsi 100 minlik həddi keçərək, 122 502,167 kv.m-ə çatıb.

Tunellərdə korroziya ilə mübarizədə ən effektli vasitələr korroziya əleyhinə boyalardır. Son üç ildə tunellərdə tətbiqi mümkün olan boyaların axtarışı, sınağı ilə bağlı əsaslı yeniliklər edilməklə, dünyanın aparıcı şirkətləri ilə əlaqələr yaradılıb, təcrübə mübadiləsi genişləndirilib. Bu müddət ərzində 11 şirkətin təklifi əsasında 13 müxtəlif boya və digər məhsullar sınaqdan çıxarılaraq Bakı metropoliteni şəraitində istismara yararlığı qiymətləndirilib.

"Korroziya ilə mübarizənin səmərəsini artıran əsas qərar müvafiq material-texniki bazanın yaradılması oldu. Diaqnostika və metroloji təminat mərkəzinin yaradılması ilə korroziya laboratoriyası onun tərkibində xüsusi sahəyə çevrilib. Nəticədə, boyaq maddələrin sınaq işlərinin, korroziyanın miqyasının və səbəblərinin araşdırılması üçün primitiv, kustar üsul və alətlərdən istifadə olunurdusa, indi daha yüksək texnoloji məhsullar, alət və avadanlıqlar tətbiq edilir.Korroziyanın illik sürətini, qurğuların aşılanma dərəcəsini, korroziya əleyhinə boyanın keyfiyyəti kimi parametrlərin təyin edilməsi üçün son 3 ildə 10 fərqli istiqamətdə ölçmələrə imkan verən 5 tipdə və 13 adda 40 cihaz, alət və avadanlıq alınıb. Yeni cihazlarla metalın səthində korroziyaya uğramış məhsulun təmizlənmiş və təmizlənməmiş hissəsinin qalınlığı, havanın, metal səthinin və şeh nöqtəsinin hərarəti və nisbi rütubəti müxtəlif üsullarla öyrənilir. Həmçinin metal, ağac və beton məhsulların səthinə çəkilən yaş və tam qurumuş boyanın qalınlığı ölçülür, onun yapışma möhkəmliyi fərqli üsullarla təyin edilir, aqressiv mühitin təsirlərinin tunel geyiminə nüfuz dərəcəsi müəyyənləşdirilir. Yeni boyaq maddələrinin tətbiqi məqsədilə 4 ədəd yeni boyavurma aqreqatı da alınaraq istifadəyə verilib", - deyə metropolitenin məlumatında qeyd edilib.

Bu tədbirlər sayəsində metropolitendə korroziya ilə mübarizə sürətlənib, onun səmərə və faydası artıb, məhsuldarlıq və işlərin miqyası effektiv sərhədlərə çatıb. Artıq qeyd olunan işlərə müəssisədən kənar sifariş əsasında sərf olunan vəsaitə də qənaət olunur.

"İndi sahənin elmi-praktik bazasının yaradılmasına da münbit şərait var. Ən əsası, araşdırmaların və yoxlama-sınaq tədbirlərinin genişləndirilməsi korroziyanın səbəblərinin əsaslı öyrənilməsinə, yeni mübarizə vasitələrinin tətbiqinə şərait yaradıb. Bütün bunlar metropoliten tunellərinin təhlükəsiz istismar müddətini uzatmaqla, nümunəvi xidməti yüksək hədlərə çatdırmağa kömək edir", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi