Bakı Metropoliteninin deposunda daha bir yarımstansiya qurulur

Bakı Metropoliteninin deposunda daha bir yarımstansiya qurulur Bakı. 25 yanvar. REPORT.AZ/ Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunda daha bir elektrik yarımstansiyasının inşası başa çatıb və avadanlıqların qurulmasına başlanılıb.
İnfrastruktur
25 Yanvar , 2019 16:14
Bakı Metropoliteninin deposunda daha bir yarımstansiya qurulur

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunda daha bir elektrik yarımstansiyasının inşası başa çatıb və avadanlıqların qurulmasına başlanılıb.

Qurumdan “Report”a verilən məlumata görə, bu yarımstansiya metropolitenin mühüm istehsalat, təmir-bərpa sahəsi olan, ən əsası, lokomotiv parkının yerləşdiyi deponun elektrik təchizatını ən müasir standartlara çatdıracaq. Son illərdə aparılan yenidənqurma işləri sayəsində deponun funksionallığı artıb. Burada yeni istismar, təmir, istehsalat sahələri yaradılıb və bununla elektrik təchizatının müvafiq standartlara cavab verməsi zərurəti yaranıb.

Yeni yarımstansiya “Bakı Metropoliteni”nin nəzdindəki “Bakımetrolayihə” İnstitutunun layihəsi əsasında inşa olunub. İki mərtəbəli binanın birinci mərtəbəsi xətlərin əsas daşıyıcı sahəsi olacaq. Burada xidməti otaqlar da yerləşəcək. İkinci mərtəbə yarımstansiyanın əsas idarəetmə personalının avtomatik iş yeri, həmçinin elektrik təchizatı avadanlıqlarının yerləşdirilməsi üçün nəzərdə tutulub. Binanın əsas tikinti işləri başa çatıb, mərtəbələr üzrə bölgülər aparılması yekunlaşıb.

Yarımstansiyanın təchizatı ilə bağlı məsələlər də artıq tam həllini tapıb, sifariş edilmiş avadanlıqların quraşdırılmasına başlanılıb. Burada dünyada tanınmış şirkətlərdən biri olan “Siemens”in avadanlıqları quraşdırılır. Qeyd edək ki, bu, metropolitenin “Siemens”lə ilk belə birgə işi deyil. Ötən il depoda istismara verilən müasir alçaldıcı yarımstansiya bütünlüklə məhz bu şirkətin məhsulları ilə təchiz edilib. Bu əməkdaşlıq fərqli istehsalçılara məxsus avadanlıqların bir sistemin tələblərinə uyğunlaşdırılması kimi ağır bir prosesi sadələşdirməyə, daha təkmilləşdirilmiş, səmərəli və keyfiyyətli iş qurmağa kömək edir. Təkcə onu demək kifayətdir ki, bununla avadanlığın istismarı və qulluğu xeyli asanlaşır.

Yarımstansiyada müasir, hər biri 2 ədəd olmaqla, 1000 kVA-lıq, 630 kVA-lıq və 40 kVA-lıq yeni transformatorlar qoyulur. 1000 kVA-lıq transformatorlar güc, 630 kVA-lıqlılar işıqlandırma, 40 kVA-lıqlılar isə işarəvermə sistem və qurğuların elektrik təchizatına olan tələbləri ödəyəcək. Bu şəbəkələrin bir-birindən ayrılması metropoliten üçün vacib məsələ olmaqla, elektrik təchizatının sabitliyini və etibarlığını daha yüksək səviyyədə təmin etməyə imkan verəcək.

Yeni yarımstansiyada 6 kV-luq komplekt paylayıcı qurğu və 4 ədəd 0,4/0,23 kV-luq paylayıcı qurğu qoyulur. Paylayıcı qurğuların daha bir mühüm üstünlüyü avtomat mexanizmli bölmələrdən ibarət olmalarındadır. Digər üstünlüyü isə perspektivdə bölmələrin yenisi ilə əvəzlənməsinin mümkünlüyüdür.

Sahədə tərkibi gel əsaslı hermetik akkumulyatorlar qoyulacaq. Yeni sabit cərəyan lövhəsi, qəza-işıqlandırma bölməsi, həmçinin müvafiq normalara uyğun ventilyasiya sistemi qurularaq, müasir standartların tələblərinə cavab verəcək.

Avtomatik iş yeri də dövrün tələblərinə uyğun təmin ediləcək, idarəetmə buradan müasir mikroprosessor sistemli telemexanika şkafı ilə həyata keçiriləcək. Həm də sistem dispetçer idarəetməsinə tabe ediləcək.

Yarımstansiya qurulduqdan sonra yeniləşməkdə olan “Nərimanov” deposunun elektrik təchizatı daha da yüksək standartlara cavab verəcək.

Son xəbərlər

Orphus sistemi