Bakı Metropoliteni müxtəlif vəzifələrə yeni kadrlar cəlb edib

Bakı Metropoliteni müxtəlif vəzifələrə yeni kadrlar cəlb edib Qurum ümumilikdə 76 nəfəri işlə təmin edib
İnfrastruktur
12 May , 2016 12:39
Bakı Metropoliteni müxtəlif vəzifələrə yeni kadrlar cəlb edib

Bakı. 12 may. REPORT.AZ/ Bakı Metropoliteninin hərəkət xidmətində qatarların qəbulu və yola salınması üzrə fevralda növbətçi peşəsinə işə qəbulla bağlı elan olunmuş kurslar yekunlaşıb. Metropolitenin təlim-tədris mərkəzində təşkil olunan 1 aylıq ödənişsiz kurslara martın 14-dən başlanılıb. Təxminən 1 800 müraciət edəndən ilkin müsahibəyə dəvət olunan 500 nəfər arasından metropolitenin kadr komissiyası seçim edərək 77 nəfəri kurslara dəvət edib. Bu, "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən "Report"a daxil olan məlumatda bildirilib. 

Kursun nəticəsi aprelin 14-ü yekun imtahandan sonra bəlli olub. Belə ki, imtahanda 62 nəfər məqbul, 15 nəfər qeyri-məqbul nəticə göstərib. İmtahan nəticələri məqbul olan 60 nəfərlə qanunvericiliyin tələblərinə uyğun əmək müqaviləsi bağlanaraq hərəkət xidmətində işlə təmin olunub. 2 nəfər isə onlara təklif olunan işdən imtina edib. 

Qeyd edək ki,  əvvəllər hərəkət xidmətində qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbul olunmaq üçün müraciət edənlər 3 ay sınaq müddətinə işə götürülürdü. Bu müddət ərzində metropoliten üzrə təlimatları mənimsəyən, müəyyən təcrübə toplayanların peşə bacarıqlarının qənaətbəxş olub-olmaması imtahandan sonra bəlli olurdu. Bu isə həm zaman itkisinə, həm də peşəkar kadr çatışmazlığına səbəb olurdu. Əvvəllər əksəriyyəti xanımlardan ibarət olan bu sahəyə hazırda oğlanların da marağı artıb. 

“Bakı Metropoliteni” QSC-nin işarəvermə və rabitə xidmətində də vakant vəzifələrə işə qəbul prosesi yekunlaşıb. Seçimlər metropolitenin rəsmi internet səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə anket forması ilə müraciət edənlər arasında aparılıb. Müsahibəyə 70 nəfər dəvət olunub. 23 nəfər nəzərdə tutulan tələblərə uyğun olduğundan, martın 14-dən təlim-tədris mərkəzində 1 aylıq ödənişsiz kurslara qatılıb. Aprelin 5-i yekun imtahanda kursu bitirən 23 nəfərdən 21-i iştirak edib. Onlardan 18-nin nəticələri məqbul, 3-nün nəticələri isə qeyri-məqbul qiymətləndirilib. İmtahan nəticələri uğurlu olan 16 nəfərlə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanıb. Sağlamlığı vakant vəzifəyə uyğun olmadığı üçün 2 nəfər isə təklif olunan işdən imtina edib. 

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin vakant vəzifələr üzrə işə qəbul prosesi davamlı olacaq.

Son xəbərlər

Orphus sistemi