"Bakı Metropoliteni" xəttə ilk yubiley qatarını buraxıb - VİDEO

"Bakı Metropoliteni" xəttə ilk yubiley qatarını buraxıb - VİDEO Qatar əvvəllər olduğu kimi Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialında deyil, yerli şəraitdə təmir edilib
İnfrastruktur
5 İyun , 2017 10:54
Bakı Metropoliteni xəttə ilk yubiley qatarını buraxıb - VİDEO
Metro.gov.az

Bakı. 5 iyun. REPORT.AZ/ Bu il 50 illik yubileyini qeyd edən “Bakı Metropoliteni” QSC xəttə ilk yubiley qatarını buraxıb. “Report” xəbər verir ki, bu, qurumun yubileyi ilə bağlı gerçəkləşdirilən tədbirlər planı çərçivəsində reallaşıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, yeni qatar həm tərtibatı, həm də dizaynı ilə diqqət çəkir:

Ön hissəsi yenilənən, əvvəlkilərdən tamamilə seçilən bu qatarda bir sıra yeniliklər elə ilk baxışdan aydın görünür. Ön və yan hissələri bənövşəyi və narıncı rəngə boyanmış qatarın tematik tərtibatı metropolitenin 50 illik yubileyinə həsr olunub. Qatar boyunca pəncərə səviyyəsində yarıməsrlik yubiley üçün hazırlanmış xüsusi fərqləndirici loqotiplər yerləşdirilib. Maşinist kabinasının ön hissəsində Azərbaycan Respublikasının dövlət bayrağı əks olunub. Giriş qapıları arasında pəncərə altı orta zolaqda isə "Yarım əsr xidmətinizdə" devizi yer alıb. Son vaxtlar Bakı metropoliteninin loqotipinin əks olunduğu yeni tipli antivandal plastik oturacaqlar yeni təmirdən çıxmış qatarda yubiley üçün işlənmiş loqotiplərlə bəzədilib. Bütün bunlar ötən illər ərzində daim yüksək səviyyədə mədəni xidmət göstərmiş və sərnişinlərin etimadını qazanaraq bu illər ərzində onlara doğma olmuş Bakı metropoliteninin yubileyini sərnişinlərə xatırladacaq.

Açıqlamaya görə, qatar əvvəllər olduğu kimi Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialında deyil, yerli şəraitdə təmir edilib.

Son xəbərlər

Orphus sistemi