Bakı Metropoliteni SCADA və CBTC sistemlərinin öyrənilməsinə başlayıb

Bakı Metropoliteni SCADA və CBTC sistemlərinin öyrənilməsinə başlayıb ​Qurum bununla bağlı işçilərini İstanbula göndərib
İnfrastruktur
21 Noyabr , 2014 11:15
Bakı Metropoliteni SCADA və CBTC sistemlərinin öyrənilməsinə başlayıb
Bakı. 21 noyabr. REPORT.AZ/ “Bakı Metropoliteni” QSC-nin nəzdində yaradılan Təlim-Tədris Mərkəzi (TTM) əhatə dairəsini genişləndirir. Artıq Mərkəzin ilk müdavimləri Türkiyəyə yola düşüblər. Bu barədə "Report"a “Bakı Metropoliteni”nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Xəbər verildiyi kimi, Fransanın "Thales SA" şirkəti ilə bağlanan müqaviləyə uyğun olaraq,  Bənövşəyi xətdə tətbiq ediləcək SCADA (Supervisory control and data acquisition – dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (Communications-based train control - kommunikasiya əsaslı qatar nəzarəti və idarəetməsi) sistemlərinin öyrənilməsilə bağlı TTM-də kurslara başlanılıb. Fransız mütəxəssislərinin keçdiyi iki həftəlik məşğələlərdən sonra “Bakı Metropoliteni”nin 6 nəfərdən ibarət müdavimləri İstanbulda növbəti kurslara başlayıblar. Məşğələlər “Thales SA”nın İstanbul Metropolitenindəki Tədris Mərkəzində davam etdirilir. Bununla da üç mərhələdən ibarət tədris prosesi ikinci mərhələsinə qədəm qoyub.

Üç həftə ərzində Bakı Metropoliteninin nümayəndələri yeraltı magistraldakı mövcud işarəvərmə və rabitə sistemlərini yeni tikilən sahələrdə əvəz edəcək CBTC sisteminin işi ilə praktiki surətdə tanış olacaqlar. Qrupun üzvləri elektronika, informatika sahəsində bilik və müəyyən iş təcrüəsi olan mütəxəssislərdir. İstanbul metrosunda məşğələlər başa çatdıqdan sonra, tədris prosesinin 3-cü mərhələsi başlayacaq. Məşğələlər yanvar ayında Toronto Metropolitenində (Kanada) keçiriləcək.

Kurslarda əldə edilən biliklərdən sonradan metropolitençi kadrların peşə hazırlığında, yeni texnologiyaların mənimsənilməsində istifadə olunacaq. Tədris prosesini başa vuran mütəxəssislər aldığı bilikləri metropolitençi həmkarları ilə bölüşəcək, istehsalatda birbaşa vəzifələrini icra etməklə yanaşı, TTM-in işində, yeni texnologiyalarla işləyə biləcək kadrların hazırlığında iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi