Yuxarı
    Bağlamaq

    Bakı Metropoliteni qatarlarını artıq xaricdə təmir etməyəcək

    Hazırda Metropolitenin Bakıda qatarların əsaslı təmiri sexi tikilir© Metro.gov.az

    Bakı. 4 may. REPORT.AZ/ “N.Nərimanov” elektrik deposunda Bakı Metropoliteni üçün ən mühüm yeniliklərdən birinə çevriləcək qatarların əsaslı təmiri sexinin inşası davam etdirilir. Sexin binasının inşaatı tamamlanmaq üzrədir. Bu, "Bakı Metropoliteni" QSC-dən "Report"a daxil olan məlumatda bildirilib. 

    "Qatarların əsaslı təmiri sexi metropoliten üçün əhəmiyyətli məsələyə çevrilib. Çünki bu tip təmirə ehtiyac artmaqdadır. 2013-2015-ci illərdə Bakı Metropoliteninin 6 qatarının Moskva Elektrik Qatarların Təmiri Zavodunun Tbilisidəki filialında əsaslı təmiri ilə bağlı iqtisadi araşdırma aparan "Bakı Metropoliteni" QSC rəhbərliyi qatarların əsaslı təmirinin yerli şəraitdə təşkilinin daha böyük səmərə və daha keyfiyyətli təmir prosesini qurmağa imkan verəcək yeni sexin inşası ilə bağlı qərar verib. Artıq sexin metal konstruksiyasının sendviç panellərlə örtülməsi tamamlanmaq üzrədir. Layihə üzrə əmək şəraitinin maksimal tələblərinə cavab verən iki mərtəbədən ibarət işçi, yardımçı, sanitar-məişət və texniki otaqların inşasında əsas mərhələ qarşıdadır. Binanın tavanında müvafiq havalandırma kanalları qoyularaq avadanlıqların quraşdırılması üçün hazır vəziyyətə gətirilib", - deyə məlumatda əlavə edilib.

    Qeyd edilir ki, yeni sex üç sahədən ibarət olacaq. Qaldırma təmiri funksiyalı ümumi sexdə vaqonların sökülməsi-quraşdırılması, qaynaq və dəmirçi işləri yerinə yetiriləcək. Digər sahələrdə vaqonların antikorroziya tədbirləri görülmək üçün qumla təmizlənməsi və emalı, rənglənməsi prosesi ən müasir texniki tələblər səviyyəsində qurulacaq. Bu işlərin hamısı Bakı metropoliteninin özünəməxsusluqları nəzərə alınmaqla tətbiq ediləcək.

    Ən əsası, qatarların əsaslı təmiri sexi vaqonlarda modernləşdirilmə tədbirlərini həyata keçirməyə və onları ən müasir standartlar səviyyəsinə çatdırmağa imkan verəcək. Bununla da, qatarların əsaslı təmiri səhəsi ən müasir tələblərə cavab verməklə, metropoliten tarixində irimiqyaslı yenilik olacaq.

    Bu addımlar qatarların ölkə xaricində təmirinə çəkilən xərclərə külli miqdarda qənaət edilməsinə, təmirin keyfiyyətinə zəmanəti təmin edir. Yeni sex iş yerlərinin yaradılmasını, səriştəli kadrların hazırlanmasını sürətləndirəcək. Bu sex inşa olunacaq yeni əsaslı təmir depoları üçün kadr hazırlığına təkan olacaq, həmçinin vaqon təmiri və istehsalı sahəsində elmi potensial üçün stimul verəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi