Bakı limanının məsləhətçi şirkəti Rusiya iqtisadiyyatına 2 mlrd. dollar yatıracaq

Bakı limanının məsləhətçi şirkəti Rusiya iqtisadiyyatına 2 mlrd. dollar yatıracaq "DP World" və Rusiyanın Birbaşa İnvestisiyalar Fondu birgə müəssisə yaradır
İnfrastruktur
6 Dekabr , 2016 16:39
Bakı limanının məsləhətçi şirkəti Rusiya iqtisadiyyatına 2 mlrd. dollar yatıracaq

Bakı. 6 dekabr. REPORT.AZ/ Dünyanın ən iri liman operatoru "DP World" (BƏƏ) və Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF) birgə müəssisə yaratmaq haqqında razılığa gəlib. 

"Report"un RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Bakı Limanında Azad Ticarət Zonası tipli iqtisadi zonanın yaradılmasına məsləhətçi xidmətləri göstərəcək "DP World" şirkətlər qrupunun icraçı direktoru Sultan Əhməd bin Sulaim məlumat verib.

"Ötən gün birgə müəssisənin yaradılmasına dair müqaviləyə imza atdıq. Biz sərmayə qoymağa hazırıq. Əslində ən yaxşı yeri seçmişik. Novorossiysk çox maraqlı yerdir. İştirakçıların sayına görə bu anlaşma son dərəcə mürəkkəbdir, buna baxmayaraq, biz düzgün yoldayıq. RBİF-lə birgə hərəkət edirik, müəyyən prosedurları keçmək, hökumət tərəfindən razılığı gözləmək lazımdır. Bu, baş tutan kimi sərmayəni reallaşdırmağa hazır olacağıq. Rusiya üçün 2 mlrd. dollar ayırmışıq" - S.Ə.Sulaim bildirib.

Onun sözlərinə görə, "DP World" həmçinin Novorossiysk dəniz ticarət limanının səhmlərinə maraq göstərir: "Bir daha demək istəyirəm ki, Rusiyada biznesin perspektivlərindən olduqca ruhlanmışıq. Biz də inanırıq ki, limanlar, biliyimiz və eskpertiza bacarığımızla Rusiya və onun iqtisadiyyatına böyük töhfə verə bilərik. Rusiyada logistikanı təkmilləşdirmək istəyirik. Rusiya böyük ölkədir, Baltik, Uzaq Şərq və Novorossiysklə bağlı planlarımız var. Bu üç ərazi bizim üçün önəmlidir". 

Qeyd edək ki, bir qədər əvvəl "DP World"ün RBİF ilə birgə "Delo" şirkətlər qrupundan "NUTEP" konteyner terminalının 49%-nı almağa hazırlaşdığı barədə məlumat yayılmışdı. Həmin sövdələşmədə şirkətin 2030-cu ildən 100%-dək əldə olunması opsionu qeyd edilir. Rusiya nəqliyyat nazirinin müavini Viktor Olerskinin dediyinə görə, bu sövdələşmə baş tutmaya bilər. Çünki Rusiyada xarici investisiyalar haqqında qanunda məhdudiyyətlər var.

Son xəbərlər

Orphus sistemi