​Bakı Limanında iri həcmli nəqliyyat vasitələrinin aşırılması 4 dəfə artıb

​Bakı Limanında iri həcmli nəqliyyat vasitələrinin aşırılması 4 dəfə artıb Əksər hallarda yükün son ünvanı Qazaxıstan və Türkmənistan olub
İnfrastruktur
21 İyul , 2016 11:47
​Bakı Limanında iri həcmli nəqliyyat vasitələrinin aşırılması 4 dəfə artıb

Bakı. 21 iyul. REPORT.AZ/ Bu ilin ilk yarısında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də (Bakı Limanı) göstərilən bütün xidmətlər üzrə ciddi artım müşahidə olunub. Ən böyük artım iri həcmli nəqliyyat vasitələrində (TİR), o cümlədən qoşqu və digər avtomobil texnikasının daşınması üzrə qeydə alınıb. Limandan "Report"a daxil olan məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 4 dəfə artıb və əksər hallarda yükün son ünvanı Qazaxıstan və Türkmənistan olub.

Belə ki, son altı ayda Bakı Limanı vasitəsilə 10 422 ədəd iri həcmli nəqliyyat vasitələri və digər avtomobil texnikasının aşırılması həyata keçirilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 758 ədəd artım deməkdir. Bunun 5 492 ədədi (52,7%) Bakı-Aktau-Bakı istiqamətində, 4 930 ədədi (47,3%) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

Bundan başqa, 2015-ci ilin ilk altı ayı ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 97% artaraq 8 887 TEU təşkil edib. Neft və neft məhsullarının aşırılması isə 79% artaraq 810 min ton olub. Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 1,6% artaraq 16 108 ədədə çatıb. Bunlardan 3 277 vaqon (20,3%) Bakı-Aktau-Bakı istiqamətində, 12 831 (79,9%) vaqon isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. 

Qeyd edilən iki istiqamətdə sərnişindaşınma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 9 605 nəfər olub.

Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 36,2% artıb. Ümumi yükaşırmanın 85,3%-i tranzit yükaşırmanın payına düşüb. Yük dövriyyəsinin artması ilə gəmi yanalmalarının sayı da 17,4% artıb.

Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2016-ci ilin son altı ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,5% artaraq 267 600 ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərinin və tikinti malları idxalının payına düşüb. 

Son xəbərlər

Orphus sistemi