Yuxarı

​Bakı Limanı Sinqapurun ən yeni texnoloji həllərini tətbiq edəcək

Bu məqsədlə Sinqapurun iki aparıcı şirkəti ilə anlaşma memorandumu imzalanıb

Bakı. 25 aprel. REPORT.AZ/ “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Sinqapurda “SMRT International Pte” və “Ectivise Solutions Pte” MMC-lərlə yeni Bakı Limanının əməliyyat səmərəliliyini gücləndirmək məqsədi ilə texniki əməkdaşlıq barədə anlaşma memorandumu imzalayıb. Memorandum Bakı Limanının baş direktoru Taleh Ziyadov, “Ectivise Solutions” MMC-nin baş icraçı direktoru Artur Çeonq (Arthur Cheong) və "SMRT International” MMC-nin icraçı direktoru Qo Enq Kiat (Goh Eng Kiat) tərəfindən imzalanıb. 

Bakı Limanından "Report"a daxil olan xəbərə görə, iki Sinqapur şirkəti Bakı Limanında və Azad Ticarət Zonasının əməliyyatlarında Qrup Avtomatik Tranzit Sistemi (süni intillektlə sürücüsüz idarə olunun nəqliyyat vasitəsi), Vahid Əməliyyat və Nəzarət Mərkəzi, Avtomatlaşdırılmış Anbar və Axtarış Sistemi, Portal Təhlükəsizlik Sistemi və digər yeni texnologiya və innovativ sistemlərin təqdim edilməsi istiqamətində dəstək verəcək. Bu əməkdaşlıq nəticəsində regionda ilk dəfə sürücüsüz daşıma, yəni öz-özünü idarə edən və süni intillektə sahib nəqliyyat vasitələrinin istifadəsi də məhz Bakı Limanında tətbiq olunacaq. 

Sinqapurda ilk vahid ictimai metro, avtobus və taksi idarəetmə sistemi quran “SMRT International” şirkəti eyniadlı Korporasiyanın tam mülkiyyətində olan törəmə şirkətdir. “SMRT International” əməliyyatlar və təmir, mühəndislik, konsaltinq və layihə idarə edilməsi üzrə ixtisaslaşıb. “Ectivise Solutions” genişmiqyaslı şəbəkə planlaşdırılması, Passiv Optik Şəbəkələr və İnteqrasiya olunmuş Optik Magistral Arxitekturası kimi İKT yönümlü infrastruktur texnologiyaları üzrə peşəkar xidmətlər göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi