​Bakı Limanı Avropa İttifaqı ilə əməkdaşlığını genişləndirir

​Bakı Limanı Avropa İttifaqı ilə əməkdaşlığını genişləndirir “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Avropa İttifaqının TAİEX proqramı çərçivəsində seminar keçirib
İnfrastruktur
24 May , 2016 20:15
​Bakı Limanı Avropa İttifaqı ilə əməkdaşlığını genişləndirir

Bakı. 24 may. REPORT.AZ/ Mayın 24-25-i tarixlərində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Avropa İttifaqının TAİEX proqramı çərçivəsində seminar keçirib.

“Report” QSC-yə istinadən xəbər verir ki, 70-ə yaxın iştirakçını əhatə edən tədbirin əsas məqsədi dəniz limanlarının əməliyyatlarının idarə olunması, quru limanlar və logistika, o cümlədən liman qanunvericiliyinin təkmilləşdirilməsi kimi sahələrdə Avropa İttifaqına (Aİ) üzv dövlətlərin və beynəlxalq təşkilatların təcrübəsini öyrənməkdir.

Təlimin və Aİ ilə əməkdaşlığın əhəmiyyətindən danışan Bakı Limanının baş direktoru Taleh Ziyadov liman əməliyyatlarında Avropa standartlarının tətbiq edilməsinin Bakı Limanının şəffaflıq, nümunəvilik və müasirlik prinsiplərinə uyğun olduğunu bildirib. Onun sözlərinə görə, Bakı Limanı və onun ətrafında yaradılacaq Azad Ticarət Zonası təkcə Azərbaycanın deyil, həm də regionun iqtisadiyyatına müsbət töhfə verərək Avrasiyanın nəqliyyat və ticarət mərkəzinə çevrilməyi qarşına məqsəd qoyub. Bu baxımdan bütün əməliyyatlarımızın təşkilində dünyanın və o cümlədən Avropa ölkələrinin qabaqcıl limanlarının təcrübəsindən faydalanmaq çox önəmlidir.

T.Ziyadov Bakı Limanının beynəlxalq təşkilatlarla əməkdaşlığının artan templə inkişaf etdirdiyini, bir sıra Avropa İttifaqı limanları ilə geniş əlaqələrinin olduğunu bildirib: “Misal kimi, Avropanın ikinci ən böyük və dünya limanları arasında ilk 20-liyə girən Antverpen Limanı ilə Bakı Limanı arasında anlaşma memorandumunun imzalanmasını göstərmək olar. Ümumiyyətlə, Bakı Limanı bu günədək Sinqapur, Dubay, Rotterdam kimi böyük limanlarla geniş əlaqələr qurub və həmin limanların təcrübəsinin tətbiqi istiqamətində işlər görüb”.

Təlimin açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard TAİEX əməliyyatlarının 10 il bundan əvvəl Aİ-nin qonşu ölkələrində yerinə yetirilməyə başladığını deyib: “Bu günə qədər nəqliyyat, qida təhlükəsizliyi, enerji əhəmiyyətliliyi kimi sahələrdə 3 000-dən artıq, Azərbaycanda isə bu ilə qədər 213 layihə həyata keçiriliB.

“Azərbaycanın əlverişli coğrafi mövqeyi sayəsində bu ölkənin Şimal və Cənubu, Şərq və Qərbi birləşdirən nəqliyyat və logistika mərkəzinə çevrilmək üçün böyük potensialı var. Bakı Limanının Avropa limanları ilə əlaqələrinin genişlənməsi və burada qabaqcıl dünya təcrübələrinin tətbiq edilməsi bu missiyanın yerinə yetirilməsi istiqamətində atılan mühüm addımdır. Avropa İttifaqı olaraq bu məqsədə çatmaq yolunda Bakı Limanına dəstək verə bildiyimiz üçün çox xoşbəxtik. İnanırıq ki, Bakı Limanı ölkənin Avrasiyada nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində əsas rol oynayacaq”, - deyə M.Mard bildirib.

Qeyd edək ki, təlimin ilk günü çərçivəsində “Dəniz limanları və 21-ci əsrdə onların funksiyaları”, “Beynəlxalq ticarət və nəqliyyatda dəniz limanlarının rolu”, “Limanların rəqabətə davamlı limana çevrilməsi”, “Kiçik və orta ölçülü limanlarda rəhbərlik və innovasiya”, o cümlədən “Alternativ liman rəhbərliyi və idarəetmə strukturu” kimi mövzularda İtaliya, Niderland Krallığı, Rumınya, Belçika kimi ölkələrdən dəvət olunan mütəxəssislər tərəfindən nəqliyyat, tranzit və logistika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, həmçinin tərəfdaş təşkilat və şirkətlərin əməkdaşlarına təlim keçirilib.

Son xəbərlər

Orphus sistemi