Yuxarı

​Bakı Limanı "ADA" Universiteti ilə logistika sahəsində mütəxəssislər hazırlayacaq

Bu məqsədlə tərəflər arasında memorandum imzalanıb

Bakı. 15 dekabr. REPORT.AZ/ "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və "ADA" Universiteti Logistika sahəsində Biznes İdarəçiliyi üzrə Beynəlxalq Magistr Proqramının (MBA) həyata keçirilməsinə dair anlaşma memorandumu imzalayıb.

Bakı Limanından "Report"a verilən məlumata görə, memorandumun məqsədi Bakı Limanının dəstəyi ilə logistika və daşımalar, nəqliyyat, limanların idarə edilməsi sahələri üzrə yüksək ixtisaslı və müasir tələblərə cavab verən kadrların hazırlanması üçün "ADA" Universitetində müvafiq ixtisasın tədris edilməsidir.

Görüşdə iştirak edən "ADA" Universitetinin rektoru Hafiz Paşayev logistika sahəsinin ölkə iqtisadiyyatı üçün mühüm sahələrdən biri olduğunu vurğulayıb. O, bildirib ki, hazırda Universitetdə tədris edilən Biznes İdarəçiliyi üzrə Beynəlxalq Magistr Proqramı əlavə olaraq maliyyə, səhiyyənin idarə edilməsi, insan resurslarının idarə edilməsi, marketinq, texnologiyanın idarə edilməsi sahələrində də ixtisaslaşma təklif edərək, Azərbaycanın biznes sektoruna mütəxəssislər hazırlayır. H.Paşayev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə də birgə proqramın uğurlu olacağına əminliyini ifadə edib.

İmzalanma mərasimində iştirak edən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov isə öz növbəsində bu memorandumun Bakı Limanının Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyət çərçivəsində peşəkarlar və karyerasını logistika sahəsində qurmaq istəyən vətəndaşlar üçün yaratdığı tədris və təlim imkanlarından biri olduğunu qeyd edib: "Təhsilə yatırılan investisiyalar uzunmüddətli və strateji əhəmiyyətlidir. Bakı Limanı Azərbaycanı mühüm nəqliyyat və logistika mərkəzinə çevirərək ölkə və regionun iqtisadiyyatında xüsusi rol oynamağı qarşısına məqsəd qoyub.  Azərbaycan gənclərinə yatırılan bu investisiyanı həm də məqsədimizə çatmaq istiqamətində atılmış mühüm addım olaraq dəyərləndiririk". O, həmçinin bu əməkdaşlığın ölkə başçısının neft kapitalını intellektin və peşəkar kadrların inkişafına çevirmək strategiyasına da uyğun olduğunu vurğulayıb.

Qeyd edək ki, memoranduma əsasən,  2016-cı ildə "ADA" Universitetində logistika sahəsində MBA proqramına qəbul olan tələbələrin təhsili Bakı Limanı tərəfindən maliyyələşdirələcək. Bu proqram "ADA" Universitetinin yerli və əcnəbi professorları tərəfindən ingilis dilində tədris ediləcək. Tədris proqramının müddəti 15 aydır. Bu müddət ərzində tələbələr tədris proqramı çərçivəsində logistika və təchizat zəncirinin əsasları, iqtisadiyyat, maliyyələşmə, marketinq, idarəetmə üzrə fənlər və praktiki seminarlar keçəcək, eləcə də xaricdə qısamüddətli təlimlər vasitəsi ilə uğurlu beynəlxalq təcrübədən yararlanmaq imkanı əldə edəcəklər. Təhsilini uğurla başa vuranlar Bakı Limanında işlə təmin olunacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi