Bakı Gəmiqayırma Zavodunda 2 unikal gəmi-bərə tikiləcək - YENİLƏNİB

Bakı Gəmiqayırma Zavodunda 2 unikal gəmi-bərə tikiləcək - YENİLƏNİB Bununla bağlı, bu gün Bakı Gəmiqayırma Zavodu ilə Xəzər Dəniz Gəmiçiliyi arasında müqavilə imzalanıb
İnfrastruktur
26 Oktyabr , 2016 17:30
Bakı Gəmiqayırma Zavodunda 2 unikal gəmi-bərə tikiləcək - YENİLƏNİB

İlk xəbər saat 16:06-da verilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sifarişi ilə 2 ədəd unikal gəmi-bərənin tikintisi üzrə müqavilə imzalanıb. 

"Report" xəbər verir ki, sənəd "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev və Bakı Gəmiqayırma Zavodunun baş meneceri Xi Çonq Lam (Khee Chong Lam) arasında rəsmiləşdirilib. 

Tədbirdə R.Vəliyev yeni gəmi layihəsi barədə məlumat verərək bildirib ki, gəmiçilik son 1 ildən artıq müddətdə həm vaqon, həm də TİR götürmək imkanına malik gəmi konsepsiyasının hazırlanması üçün müzakirələr aparıb və Xəzərdə suyun səviyyəsi, yanalma körpülərinin maksimal imkanları nəzərə alınaraq 100 sərnişin, 56 vaqon və ya yük maşını (TİR) tutumlu "Ro-Pax/Bərə" tipli gəminin eskiz və texniki layihəsi hazırlanıb.

Qeyd edək ki, layihənin dəyəri 132 mln. manat təşkil edir.

***

Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodunda keçirilən tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, Zavodun əsas səhmdarı olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov və digər rəsmi şəxslər və qonaqlar iştirak ediblər.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədri R.Vəliyev yeni gəmi-bərələrin layihəsini tədbir iştirakçılarına təqdim edərək bildirib ki, rəqabətə davamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi Xəzər Dəniz Gəmiçiliyinin də donanmasının daim yenilənməsi və müasir tələblərə cavab verən gəmilərin tikintisi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi məqsədi ilə, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə şərq-qərb və əks istiqamətdə yükdaşımalarda xüsusi rola malik olan və uzun illərdir Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərən Xəzər Dəniz Gəmiçiliyi üçün bu gəmilərin tikintisi çox böyük əhəmiyyətə malikdir.

Şirkətin sədri bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi donanmanın yenilənməsinə xüsusi həssaslıqla yanaşır və bazarın tələblərinə uyğun yeni gəmilərin tikintisi daim ciddi diqqət mərkəzində saxlanılır. Son 3 il ərzində 15 ədəd yeni gəmi, o cümlədən 1 ədəd Xəzərdə ən böyük yedək-təchizat gəmisi, 8 ədəd 5 500 ton yük götürmə qabiliyyətli quru yük gəmiləri, 1 ədəd 13 000 tonluq tanker, 1 ədəd təchizat gəmisi, eləcə də “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilmiş 1 ədəd liman-yedək və 3 ədəd sərnişin gəmisi Gəmiçiliyin balansına qəbul edilib.

Hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasında 13 ədəd gəmi-bərə, 2 ədəd "ro-ro" tipli gəmi var. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon tutumuna, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir.

Azərbaycanda nəqliyyat-logistika sahəsində görülən işlər nəticəsində Trans-Xəzər dəhlizi üzrə yükdaşımalarda artım müşahidə olunur. Ötən ilin analoji dövrü ilə müqayisədə 2016-cı ilin ilk 9 ayında Gəmiçilik tərəfindən bu dəhlizlə daşınan vaqonların sayında 14%, TİR-lərin sayında isə 3 dəfədən çox artım qeydə alınıb.

Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolu kimi regional əhəmiyyətli strateji layihənin istismara verilməsi ilə əlaqədar, ölkə üzərindən artması gözlənilən tranzit yüklərin vaxtında daşınmasında ölkə nəqliyyatçıları qarşısında qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi məqsədi ilə yeni "Ro-Pax/Bərə" tipli gəminin konsepsiyasının hazırlanması üçün Gəmiçilik bir neçə tanınmış layihə-konstruktor büroları ilə iş aparıb və nəticədə Odessa Dəniz Mühəndisliyi Bürosunun hazırladığı təklif üzərində dayanılıb. Bu gəmilərin tikintisi Bakı Gəmiqayırma Zavodu tərəfindən həyata keçiriləcək. Güclü infrastruktur və potensiala malik Zavod bu sifarişlərin öhdəsindən gəlməklə yanaşı, öz təcrübəsini də əhəmiyyətli dərəcədə inkişaf etdirəcək. Eyni zamanda vurğulanıb ki, Gəmiçilik bundan sonra da gəmi tikintisi üzrə sifarişlərini Bakı Gəmiqayırma Zavodunda yerləşdirməyi planlaşdırır. R.Vəliyev əlavə edib ki, bu layihə tam yeni konsepsiya olaraq ilk dəfə tikiləcək, eləcə də bu cür gəminin ilk dəfə Bakı Gəmiqayırma Zavodunda və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün tikilməsi çox əlamətdar hadisədir.

Tədbirdə çıxış edən SOCAR prezidenti R.Abdullayev bu cür unikal konsepsiyaya malik və Xəzərdə ilk olan yeni "Ro-Pax/Bərə" tipli gəmilərin tikintisi üzrə sifarişin məhz Bakı Gəmiqayırma Zavodunda yerləşdirilməsinin çox sevindirici hal olduğunu bildirib: "Bu sifariş Azərbaycanda gəmiçilik sahəsi üçün strateji əhəmiyyətə malikdir və yalnız Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi üçün deyil, eyni zamanda Azərbaycanda yerli gəmiqayırma təcrübəsinin zənginləşməsi üçün çox mühümdür".

R.Abdullayev vurğulayıb ki, ümid edilir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi nəqliyyat donanması üçün tələb olunan tankerlərin, quru yük gəmilərinin, eləcə də dənizdə neft və qaz əməliyyatlarının aparılmasına xidmət edən ixtisaslaşmış donanma üçün tələb olunan gəmilərin də tikintisi üzrə sifarişləri Bakı Gəmiqayırma Zavodunda yerləşdiriləcək. O vurğulayıb ki, Dövlət Neft Şirkəti eyni zamanda Gəmiçiliyin xidmətlərindən istifadə edən ən iri şirkətdir: "Ümid edirik ki, Gəmiçilik Neft Şirkətinin istər neft daşımaları, istərsə də dənizdə aparılan neft-qaz əməliyyatlarını təmin etmək üçün yeni gəmilər sifariş edəcək və neft sənayesinə daha müasir və geniş imkanlı gəmilərlə xidmət göstərəcək. Biz də öz növbəmizdə, belə sifarişlərin yerləşdirilməsi üçün Gəmiçiliyə bundan sonra da lazımi köməklik göstərəcəyik".

Son xəbərlər

Orphus sistemi